Bakı. Trend:
Xüsusi icra məmurları bu qanunun tələblərinin pozulmasına görə qanunla nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar. Xüsusi icra məmuru hüquqazidd hərəkətləri (hərəkətsizliyi) nəticəsində icra icraatının iştirakçılarına və digər şəxslərə vurulmuş ziyanı ödəməyə borclu olacaq.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Xüsusi icra məmurları haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, xüsusi icra məmurları öz fəaliyyətlərində yol verdikləri aşağıdakı intizam pozuntularına görə intizam məsuliyyətinə cəlb olunurlar:
- peşə sirrinə əməl olunmaması;
- qanunla müəyyən edilmiş vəzifələrinin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi, səlahiyyətinə aid olmayan tədbirlərin görülməsi;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya Palatanın xüsusi icra məmurlarının fəaliyyəti ilə bağlı qəbul etdiyi qərarların və digər aktların tələblərinə əməl olunmaması;
- tərəflərə və onların nümayəndələrinə icra işinin materialları ilə tanış olmaq, onlardan çıxarış etmək və həmin sənədlərin surətini çıxarmaq imkanının yaradılmaması;
- icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı hərəkətsizlik, mütəmadi müddət pozuntuları;
- icra sənədlərinin icrasından əsassız imtina edilməsi;
- arxiv sənədlərinin mühafizəsi, istifadəsi və dövlət mühafizəsinə təhvil verilməsi qaydalarının pozulması;
- kargüzarlıq qaydalarının pozulması;
- xüsusi icra məmurunun adına ləkə gətirən və ya xüsusi icra məmuru peşəsinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verilməsi;
- qadağan edilmiş fəaliyyətlə məşğul olunması, etik davranış qaydalarının tələblərinin pozulması;
- fəaliyyətinin dayandırılması barədə qərarın olmasına baxmayaraq fəaliyyət göstərməsi;
- icra haqları barədə tərəflərə qəsdən yanlış məlumatların verilməsi, icra haqlarının müəyyən edilmiş məbləğlərdən artıq alınması, yaxud icra haqlarının müəyyən edilmiş məbləğlərdən az olacağını vəd edərək tələbkarların cəlb edilməsi;
- bank hesablarından istifadə ilə bağlı bu Qanununda, mülki, ödəniş xidmətləri, ödəniş sistemləri və banklar haqqında qanunvericlikdə müəyyən edilmiş tələblərin pozulması, tələbkarlara ödənilməli olan vəsaitlərin icra haqları üçün nəzərdə tutulmuş və ya digər hesaba köçürülməsi və istifadə olunması;
- peşəyə laqeyd münasibət göstərilməklə ofisdə işin xüsusi icra məmurunun ofisində iş qaydasında müəyyən olunan tələblərə uyğun təşkil edilməməsi;
- xüsusi icra məmuru statusu əldə etmək üçün müraciət etdiyi və ya şəhadətnamə aldıqdan sonrakı dövrdə xüsusi icra məmuru olmağa mane olan halların qəsdən gizlədilməsi;
- Palataya üzvlük haqqının ödənilməməsi;
- səlahiyyətlərinin həyata keçirilməsi üçün tələb olunan sənədlərin surətlərinin və məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Palataya təqdim edilməməsi;
- fəaliyyətinin monitorinqinə və yoxlanılmasına maneçilik törədilməsi;
- ixtisasının və peşə hazırlığının artırılması üçün təşkil olunan təlimdə iştirak edilməməsi.
Xüsusi icra məmuru barəsində intizam icraatı İntizam Komissiyası tərəfindən aparılacaq. İntizam Komissiyasının tərkibi və əsasnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək. İntizam Komissiyası 9 (doqquz) üzvdən ibarət tərkibdə fəaliyyət göstərəcək. İntizam Komissiyası 3 (üç) üzvü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), 3 (üç) üzvü Palata və 1 (bir) üzvü Notariat Palatası tərəfindən təyin edilən nümayəndədən, 1 (bir) üzvü Məhkəmə-Hüquq Şurası tərəfindən təyin edilmiş hakim və 1 (bir) üzvü isə Vəkillər Kollegiyası tərəfindən təyin edilmiş vəkildən ibarət tərkibdə formalaşdırılacaq. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Palata və Notariat Palatası öz nümayəndələrini ali hüquq təhsilinə və hüquqşünas ixtisası üzrə beş ildən artıq iş stajına malik olan şəxslər sırasından, Məhkəmə Hüquq Şurası və Vəkillər Kollegiyası isə öz nümayəndəsini beş ildən artıq iş stajına malik olan hakimlər və vəkillər sırasından təyin edəcəklər. Həmin qurumlar tərəfindən həmçinin ehtiyat üzvlər müəyyən olunacaq.
Xüsusi icra məmuru barəsində intizam icraatına yoxlamanın nəticələrinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya Palatanın təqdimatı əsasında başlanılacaq. Təqdimatın daxil olduğu vaxtdan 20 (iyirmi) iş günündən gec olmayaraq xüsusi icra məmurunun intizam məsuliyyəti məsələsi ilə bağlı İntizam Komissiyasının iclası keçiriləcək. Komissiyasının iclasından ən geci 5 (beş) iş günü əvvəl müvafiq təqdimat İntizam Komissiyasının üzvlərinə veriləcək, habelə intizam məsuliyyəti məsələsinə baxılan xüsusi icra məmuruna alınmasını təsdiq edən istənilən vasitə ilə məlumat göndəriləcək. Xüsusi icra məmuru məlumatı aldıqdan 5 (beş) iş günündən gec olmayaraq intizam icraatının predmetini təşkil edən icra işi materiallarının, habelə məsələ ilə əlaqədar digər sənədlərin surətlərini İntizam Komissiyasına təqdim etməyə borcludur. İntizam Komissiyası təqdimatda göstərilən faktları aydınlaşdırmaq üçün xüsusi icra məmurundan yazılı izahat və sübutlar tələb edə biləcək.
İntizam Komissiyasının iclasına ən geci 3 (üç) iş günü qalmış intizam məsuliyyəti məsələsinə baxılan xüsusi icra məmuruna, təqdimat vermiş quruma və Komissiyanın üzvlərinə iclasın tarixi, vaxtı və yeri barədə məlumat veriləcək. İclasın tarixi, vaxtı və yeri barədə məlumatlandırılmış xüsusi icra məmuru üzrsüz səbəblərdən iclasa gəlmədikdə İntizam Komissiyası məsələyə onun iştirakı olmadan baxacaq. Xüsusi icra məmuru İntizam Komissiyasının iclasında nümayəndəsi vasitəsilə təmsil oluna biləcək. Xüsusi icra məmuru və ya nümayəndəsi istənilən vaxt izahat vermək, habelə sübut təqdim etmək hüququna malik olacaq. İntizam Komissiyası öz təşəbbüsü və ya intizam məsuliyyəti məsələsinə baxılan xüsusi icra məmurunun təklifi əsasında digər şəxsləri iclasa dəvət edərək dinləyə, habelə onlar tərəfindən təqdim olunan materialları tədqiq edə biləcək.
İntizam icraatının predmetini təşkil edən məsələnin eyni zamanda davam edən məhkəmə icraatının predmeti olması aşkar edilərsə, İntizam Komissiyası məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək intizam icraatını dayandıracaq.
İntizam Komissiyasının iclası onun ən azı 6 (altı) üzvü iştirak etdikdə səlahiyyətlidir. İntizam Komissiyası öz qərarlarını sadə səs çoxluğu ilə qəbul edəcək. Səslər bərabər olduqda Komissiya sədrinin səsi həlledicidir. İntizam Komissiyası intizam icraatı üzrə sadə səs çoxluğu ilə aşağıdakı qərarlardan birini qəbul edəcək:
- intizam pozuntusunun müəyyən edilməsi və intizam tənbehlərindən birinin tətbiq edilməsi barədə;
- intizam pozuntusunun müəyyən edilməməsi və intizam icraatına xitam verilməsi barədə;
- intizam məsuliyyətinə cəlb etmə müddəti keçərsə, intizam icraatına xitam verilməsi barədə.
İntizam Komissiyası öz qərarının nəticə hissəsini iclas başa çatan gün elan edəcək. Nəticə hissəsi elan edildikdən 3 (üç) iş günü müddətində İntizam Komissiyası əsaslandırılmış qərar tərtib edərək surətini intizam məsuliyyəti məsələsinə baxılan xüsusi icra məmuruna, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Palataya təqdim olunacaq.
İntizam Komissiyasının qərarından xüsusi icra məmuru 30 (otuz) gün müddətində məhkəməyə şikayət verə biləcək.
Pozuntunun ağırlıq dərəcəsindən asılı olaraq xüsusi icra məmuruna İntizam Komissiyası tərəfindən aşağıdakı tənbeh növlərindən biri tətbiq olunacaq:
- irad tutma;
- töhmət;
- şiddətli töhmət;
- 500 manatdan 1 500 manatadək məbləğdə cərimə;
- şəhadətnamənin ləğvi.
500 manatdan 1 500 manatadək məbləğdə cərimənin tətbiqi üzrə vəsait Palatanın hesabına köçürüləcək. Şəhadətnamənin ləğvi xüsusi icra məmuruna vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verdiyi hüquq pozuntularına görə verilə biləcək.
Şəhadətnamənin ləğvi barədə qərar qəbul edildiyi təqdirdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) 30 (otuz) gün başa çatdıqdan sonra 7 (yeddi) iş günü müdətində şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul edəcək. İntizam Komissiyasının qərarından məhkəməyə şikayət verildikdə məsələ həmin şikayət üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra həmin məhkəmə qərarına uyğun həll ediləcək.
İntizam Komissiyası tərəfindən xüsusi icra məmurunun intizam məsuliyyətinə cəlb edilməsi məsələsi həll edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən pozuntunun xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınacaq. Formal olaraq bu qanunda göstərilən pozuntulara uyğun olsa da, tərəflərin və üçüncü şəxslərin hüquqlarını, qanuni mənafelərini, idarəçilik qaydalarını əhəmiyyətsiz dərəcədə pozan hərəkətlərə (hərəkətsizliyə) görə xüsusi icra məmuru intizam məsuliyyətinə cəlb olunmayacaq, ona xəbərdarlıq ediləcək.
Xüsusi icra məmuru intizam məsuliyyətinə pozuntuların aşkar edildiyi gündən 6 (altı) ay, törədildiyi vaxtdan 2 (iki) il keçənədək cəlb ediləcək. Xüsusi icra məmurunun məzuniyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilməyəcək.
İrad tutma, töhmət və şiddətli töhmət intizam tənbehi verildiyi gündən 1 (bir) il müddətində qüvvədə olacaq.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.