Bakı. Trend:
Rəsmi Tehran BMT Təhlükəsizlik Şurasının qətnamələrini bərpa edə biləcək “Snapback” mexanizminin tətbiq olunmasını İranla qarşılaşmaq hesab edir.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (14 iyul) Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, baş verən son hadisələri və İrana hücumları nəzərə aldıqda “Snapback” mexanizminin tətbiq olunmasının heç bir hüquqi və siyasi əsası yoxdur.
Bəqai bildirib ki, İran hələ də özünü Hərtərəfli Birgə Fəaliyyət Planının (JCPOA) üzvü hesab edir və öhdəliklərini ABŞ və qarşı tərəflərin öz öhdəliklərini bir il yerinə yetirməməsi qarşılığında azaldıb.
Nazirlik rəsmisi qeyd edib ki, İran əleyhinə qeyd olunan mexanizm tətbiq olunduğu halda, qarşılıqlı cavab veriləcək.
Qeyd edək ki, Hərtərəfli Birgə Fəaliyyət Planının 36 və 37-cü müddəalarına əsasən, plana üzv ölkələrdən birinin başqa bir tərəfin planı pozmağa dair şikayəti əsasında müxtəlif mərhələlər başlanır. Mərhələlər nəticəyə çatmadığı halda, şikayət edən ölkə məsələni BMT Təhlükəsizlik Şurasında irəli sürə bilər. İrandan şikayət BMT Təhlükəsizlik Şurasında irəli sürüldüyü və qəbul edildiyi halda, İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər. Üstəlik BMT Təhlükəsizlik Şurası üzvlərinə İran əleyhinə hərbi əməliyyat icazəsi verir.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.
24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.