Bakı. Trend:
Xüsusi icra məmurunun fəaliyyətinin dayandırılması qaydaları müəyyənləşdirilir.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Xüsusi icra məmurları haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, aşağıdakı hallarda xüsusi icra məmurunun fəaliyyəti dayandırılacaq:
- 1 (bir) aydan az və 6 (altı) aydan çox olmamaqla fasiləsiz olaraq əmək qabiliyyətini itirdikdə;
- hamiləliyə, doğuşa və ya uşağa qulluğa görə sosial məzuniyyətə çıxdıqda;
- cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduqda;
- xüsusi icra məmurunun səlahiyyətlərinin bilavasitə icrasına mane olan bir aydan artıq müddətə davam edən digər hallar mövcud olduqda.
Xüsusi icra məmurunun Palataya üzvlük haqqını, barəsində inzibati tənbeh tədbiri kimi tətbiq edilmiş cəriməni ödəmədiyi, təlimlərdə iştirakdan, peşə məsuliyyətinin sığortası müqaviləsini yeniləməkdən yayındığı hallarda da xüsusi icra məmurunun fəaliyyəti dayandırıla biləcək.
Xüsusi icra məmurunun fəaliyyəti onun dayandırılmasına əsas olan hallar aradan qalxanadək, lakin 6 (altı) aydan çox olmamaqla (bəzi hallar istisna olmaqla) dayandırılacaq. Bu halda yarımçıq qalan icra hərəkətlərini davam etdirmək və digər təşkilati tədbirləri görmək üçün onun müvəqqəti əvəz edilməsi məqsədilə digər xüsusi icra məmuru təyin ediləcək. Ofisin idarə edilməsi üçün zəruri olan bütün avadanlıq, material və digər resurslar müvəqqəti əvəz edən icra məmuruna əlçatan olmalıdır.
Xüsusi icra məmurunun fəaliyyətinin dayandırılması və bununla əlaqədar onun müvəqqəti əvəz edilməsi məqsədilə digər xüsusi icra məmurunun təyin edilməsi, habelə xüsusi icra məmurunun vəzifələrinin icrasına qaytarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.
Xüsusi icra məmurunun fəaliyyətinin dayandırılması hallarında müvəqqəti əvəz edən xüsusi icra məmuru öz adından fəaliyyət göstərəcək, öz möhürünü, ştamplarını, blanklarını və elektron imzasını tətbiq edəcək, habelə əvəz olunan xüsusi icra məmurunun bank hesablarını idarə etmək hüququ müvəqqəti olaraq ona həvalə ediləcək. Əvəz edən xüsusi icra məmuru öz fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyacaq.
Xüsusi icra məmurunun fəaliyyətinin dayandırılması hallarında müvəqqəti əvəz edən xüsusi icra məmuru əvəz olunan xüsusi icra məmurunun ofisində fəaliyyət göstərəcək, onun işçilərinin fəaliyyətinə rəhbərlik edir, əvəz olunan xüsusi icra məmuru ilə İşçilər arasında bağlanmış müqavilələrə uyğun olaraq işçilərin əməyini, ofisin saxlanılması ilə bağlı digər xərcləri müvafiq icra işlərindən daxil olan aidiyyəti vəsaitlər hesabına ödəyəyəcək. Müvəqqəti əvəz edən xüsusi icra məmurunun səlahiyyət müddəti əvəz olunan xüsusi icra məmuru öz səlahiyyətlərinin icrasına qayıtdıqda, yaxud əvəz edən xüsusi icra məmurunun fəaliyyətini istisna edən qanunla nəzərdə tutulmuş digər hallar baş verdikdə bitəcək.
Bundan əlavə, aşağıdakı hallarda şəhadətnamə ləğv ediləcək və xüsusi icra məmurunun fəaliyyətinə xitam veriləcək:
- xüsusi icra məmuru tərəfindən şəhadətnamənin ləğvi barədə yazılı ərizə verdikdə;
- şəhadətnamə almaq üçün təqdim edilən sənədlərdə təhrif olunmuş məlumatlar aşkar olunduqda;
- and içdikdən sonra 6 (altı) ay müddətində fəaliyyətinin həyata keçirilməsinə başlamadıqda;
- intizam tənbehi qaydasında;
- əmək qabiliyyətini fasiləsiz olaraq 6 (altı) aydan çox müddətə tam itirdikdə;
- Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə və ya daimi yaşayış üçün başqa ölkəyə köçdükdə;
- fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;
- barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;
- məhkum edildikdə;
- cinayət törətdiyinə görə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verildikdə;
- tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə xüsusi icra məmuru İşləməyə qadir olmadıqda;
- 65 yaşına çatdıqda;
- vəfat etdikdə, məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə.
Xüsusi icra məmuru tərəfindən şəhadətnamənin ləğvi barədə yazılı ərizə verdikdə xüsusi icra məmurunun fəaliyyətinə xitam verilməsinə yalnız icrası tamamlanmamış bütün icra işlərinin icraatının tamamlanması, kargüzarlıq sənədlərinin və xüsusi icra məmurunun arxivinin “Milli arxiv fondu haqqında” Qanuna uyğun olaraq dövlət mühafizəsinə təhvil verilməsi şərtilə yol veriləcək.
Xüsusi icra məmurunun fəaliyyətinə xitam verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərinin əmri ilə rəsmiləşdiriləcək. Əmrin surəti 3 (üç) iş günü müddətində fəaliyyətinə xitam verilmiş xüsusi icra məmuruna və Palataya göndəriləcək. Fəaliyyətinə xitam verilmiş xüsusi icra məmurunun elektron imza sertifikatı, habelə “Elektron icra” informasiya sisteminə giriş imkanı ləğv ediləcək, xidməti vəsiqəsi, möhürü, ştampları və blankları məhv olunacaq, bank hesablarından istifadəsinə xitam veriləcək, bu barədə Reyestrdə qeyd aparılacaq.
Fəaliyyətinə xitam verilmiş xüsusi icra məmurunun sənədlərinin təhvil-təslim işlərini görmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xüsusi icra məmuru təyin ediləcək.
Xüsusi icra məmuru təyin olunduğu gündən 1 (bir) ay müddətində aşağıdakı tədbirləri görəcək:
- tamamlanmamış icra işləri üzrə icraatı icra sənədləri təhvil verilənədək dayandırır;
- kargüzarlıq sənədlərini və xüsusi icra məmurunun arxivini “Milli arxiv fondu haqqında” Qanuna uyğun olaraq dövlət mühafizəsinə təhvil verəcək.
Tamamlanmamış icra işləri tələbkarın seçimi əsasında xüsusi icra məmuru tərəfindən digər xüsusi icra məmuruna təhvil veriləcək, yaxud istifadə olunmamış avans məbləği ilə birlikdə tələbkara qaytarılacaq.
Xüsusi icra məmurun müvəqqəti əvəz edilməsi, xüsusi icra məmurunun fəaliyyətinin dayandırılması və xüsusi icra məmurunun fəaliyyətinə xitam verilməsi nəzərdə tutulmuş hallarda müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.