Bakı. Trend:
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Tuğraxanım Əlinağıyeva müsahibə verib.
Trend həmin müsahibəni təqdim edir:
- Doktor, ilk öncə bilmək istərdik ki, hansı halda doğuşun təbii üsulla olmasına icazə verilir?
- Doğuşun təbii üsulla olması bir çox qadın üçün təhlükəsiz və sağlam bir seçim hesab olunur. Əgər qadın fizioloji hamiləlik keçiribsə, onun və körpəsinin sağlamlığı ilə bağlı həkim tərəfindən təyin edilmiş təhlükəli və riskli bir durum yoxdursa, bu zaman hamiləliyi təbii doğuş yolu ilə başa çatdırmaq ən düzgün qərardır. Bununla belə, əgər ana və dölün həyatı ilə bağlı hansısa bir riskli vəziyyət yarandığı təqdirdə, bu zaman ən uyğun olan doğuş üsulunun seçilməsi yalnız həkim tərəfindən tibbi göstərişlər əsasında aparılır. Bəzən belə vəziyyətdə qeysəriyyə əməliyyatına qərar verilir.
- Normal doğuşun üstünlükləri hansılardır?
- Normal doğuşun həm ana, həm körpə üçün bir sıra üstünlükləri
mövcuddur. Belə ki, bu, ana üçün ən təhlükəsiz doğuş üsulu hesab
olunur. Normal doğuş orqanizm tərəfindən idarə olunan təbii bir
prosesdir və ümumiyyətlə daha az invazivdir. Nəticədə, o, daha az
fəsadlara səbəb olur. Qeysəriyyə əməliyyatı ilə müqayisədə
infeksiya, qanaxma və qonşu orqan zədələnməsi kimi fəsadlar normal
doğuşda daha az müşahidə olunur. Təbii doğuş sonrası analar adətən
tez sağalır, normal həyat fəaliyyətlərinə daha tez qayıda və
körpəsinə özləri qulluq edə bilirlər.
Vaginal yolla doğuş edən anaların bərpa müddəti adətən 6-8 həftə,
qeysəriyyə əməliyyatı zamanı isə 12 həftəyə qədər çəkə bilər. Doğuş
sırasında oksitosin kimi hormonların ifrazı və doğumdan dərhal
sonra körpənin erkən döşə qoyması laktasiyanın daha tez və effektiv
stimulyasiyasına kömək edir. Bundan başqa, təbii doğuş edən
qadınlar növbəti hamiləliyini planlamaqda hansısa bir zaman limiti
olmur.
Bundan əlavə, normal doğuş üsuluyla dünyaya gələn körpələrdə
tənəffüs problemlərinə daha az rast gəlinir. Körpə təbii yolla
dünyaya gələndə onun dərisi, gözlərinin və ağzının selikli qişası
ananın doğuş yolunda olan mikroblarla kontaktda olur. Nəticədə,
orqanizm üçün vacib olan mikroblarla ilkin tanışlıq baş tutur. Bu
vəziyyət körpənin immunitet sisteminin inkişafını təmin edir.
Həmçinin, təbii doğuş zamanı körpənin organizmində stres hormonları
ifraz olunur. Bunun sayəsində körpələr xarici mühitə daha rahat
adaptasiya olur. Körpə doğulduqdan dərhal sonra ananın qarnı/döşü
üzərinə qoyularaq “dəri-dəriyə təmas” yaradılır. Bu isə öz
növbəsində yenidoğulmuşun bədən tempraturunun saxlanılmasını,
istilik zəncirinin qorunmasını, ana ilə körpə arasında sağlam
psixoloji və emosional təmasın yaranmasını təmin edir.
- Normal doğuş hamiləliyin neçənci həftələrində başlaya bilər?
- Hamiləliyin orta müddəti son aybaşı tarixinin ilk günündən hesablanan 280 gün və ya 40 həftədir. Lakin hər orqanizm bənzərsiz və individual olduğundan, müxtəlif qadınlarda mayalanma tsiklin fərqli günlərinə təsadüf edə bilər. Ona görə də, hamiləliyin müddəti 37-ci həftədən 41 həftə +6 günə kimi ola bilər. Bu zaman baş verən doğuşlar normal vaxtında doğuş hesab edilir. Belə ki, uyğun olaraq 37-ci həftədən öncə baş verən doğuşlar vaxtından əvvəl, 42-ci həftə tamamından artıq davam edən hamiləliklər isə vaxtı ötmüş hamiləlik hesab olunur.
- Normal doğuşun xəbərdaredici əlamətləri hansılardır?
- Orqanizm doğuşa hələ bir neçə həftə qalmış hazırlaşmağa
başladığından, yaxınlaşan doğuşun ilk əlamətlərini diqqətli ana
hələ hamiləliyin 36-37-ci həftələrində hiss edə bilər. Doğuşun
yaxınlaşdığını göstərən əlamətlərdən biri qarının aşağı düşməsidir.
Gələcək körpəniz doğum üçün ən rahat mövqeyə keçir. Dölün başı
kiçik çanağa endiyi üçün uşaqlıq dibinin hündürlüyü azalır, buna
bağlı olaraq qarının azacıq aşağı düşdüyünü hiss edilir. Adətən ilk
dəfə uşaq doğan qadınlarda qarın hamiləliyin 36-38-ci həftəsində,
təkrar doğum keçirənlərdə isə bu doğuşdan bir neçə gün əvvəl və ya
artıq doğum fəaliyyətinin başlaması ilə baş verir. Qarının aşağı
düşdüyü zaman qadın daha asan nəfəs almağa başlayır, sinə və qarın
arasında ovucunu yerləşdirə bilir, sidik kisəsinə təzyiq artır və
tez tez sidiyə çıxma halları qeyd olunur. Mədə qıcqırması artıq
daha az-az baş verir və ya ümumiyyətlə keçib gedir.
Doğuşun digər xəbərdaredici əlaməti uşaqlıq boynundan selikli
tıxacın xaric olmasıdır. Selikli tıxac bütün hamiləlik dövrü
ərzində uşaqlıq boynunun kanalında yerləşən, onu mikroblardan
qoruyan qatı selik yığınıdır. Doğuşun yaxınlaşması ilə bağlı
uşaqlıq boynunda gedən dəyişikliklər nəticəsində doğum
fəaliyyətinin başlamasından bir neçə gün qabaq selikli tıxac xaric
olur.
Daha bir baş verən dəyişiklik ananın bədən çəkisinin azalmasıdır.
Qadın hamiləliyin bütün dövrü ərzində çəkidə artmağa davam edir və
doğuş anınadək 11-13 kq-dək çəki toplaya bilər. Doğuşa bir neçə gün
qalmış qadın çəki artımının dayandığını və hətta 1-1,5 kq
“arıqladığını” hiss edə bilər. Bu, şişkinliyin çəkilməsi və dölyanı
maye miqdarında azalma hesabına baş verir.
Yaxınlaşan doğuşun müjdəçilərindən biri də yalançı sancılarının baş
verməsidir. Brekston Hiks yığılmaları adlanan yalançı, məşq
sancıları artıq hamiləliyinin 32-ci həftəsindən başlayır və
doğuşdan əvvəlki günlərdə daha tez-tez baş verir. Belə sancı zamanı
uşaqlıq əzəzləsinin yığılmasına bağlı qarın sanki daşlaşır, bel
nahiyəsində və qarının aşağı hissəsində sızıldayan ağrılar müşahidə
olunur. Məşq sancılarının əsl sancılardan əsas fərqi ondan
ibarətdir ki, onlar müntəzəm deyil və bədənin vəziyyətini dəyişəndə
keçirlər. Lakin hamilə qadına yadda saxlamaq lazımdır ki, bir gün
məşq sancıları həqiqi sancılara keçə bilər. Buna görə də onları
diqqətlə izləmək lazımdır.
Doğuş zamanının yaxınlaşdığını göstərən digər bir əlamət doğuşa bir
neçə gün qalmış hamilə qadında “Yuva qurma” instinktinin
yaranmasıdır. Bu instinktin yaranmasına bağlı olaraq hamiləliyin
son dövrlərində hamilə qadınları əldən salan güclü yorğunluq
gözlənilmədən ev təmizləmə işlərinin aparılması istəyinə çevrilə
bilər. Əgər körpə ilə görüşə hazırlaşmaq istəyirsinizsə bu
normaldır, lakin çalışın ki, həddindən artıq taqətdən düşməyəsiniz,
çünki yaxın günlərdə çoxlu güc tələb edən doğum gözləyir.
- Təbii doğuşdan sonra bədənin bərpa prosesi nə qədər çəkir?
- Doğuşdan sonra 6-8 həftə müddətində zahılıq dönəmi adlandırdığımız bir bərpa dövrü başlayır. Bu dönəmdə hamiləlik və doğum ərəfəsində qadın oqranizmində yaranmış bir çox dəyişikliklər geriyə dönür. Dəyişikliklər əsasən cinsiyyət orqanları, süd vəzlərində, endokrin sistemdə, ürək qan damar sistemində, maddələr mübadiləsində və orqanizmin digər sistemlərində baş verir.
- Hansı hallarda qeysəriyyə əməliyyatı göstərişdir?
- Doğuş üsulunun müəyyən edilməsində ananın sağlamlıq vəziyyəti
və həkimin tövsiyələri nəzərə alınır. Qeysəriyyə əməliyyatı
qanaxma, infeksion, anestezioloji, koaqulopatik risklər daşıyan
böyük bir əməliyyatdır. Lakin müəyyən hallarda ana və ya körpənin
sağlamlığını qorumaq üçün bu üsulla doğuş əvəzedilməz hesab
olunur.
Təbii doğuş üçün maneə olan səbəblər arasında ən çox görüləni dölün
ana bətnində qeyri-düzgün vəziyyətləri, doğuş yollarında dölün
irəliləməsinə maneə olacaq səbəblərin olması, anamnezdə uşaqlıq
üzərində keçirilmiş hər hansı əməliyyatların varlığı, ciftin
yerləşmə anomaliyaları,çoxdollü hamiləliklər və s səbəblərdir.
Bundan başqa, ana və döl tərəfdən olan riskli durumlar (döldə
inkişaf qusuru, hipoksiya, inkişaf ləngiməsi, anada hansısa
ektragenital xəstəliyin olması, uzunmüddətli sonsuzluq, anamnezdə
perinatal ölüm və ya ağır dərəcəli perinatal xəstəliklərin olması
və s.) hamiləliyi cərrahi yolla sonlandırmağa əsas verir.
Bu və digər səbəblərin təyin edilməsi və doğuşa hazırlaşan
hamilələrə dair təbii doğuş, yoxsa qeysəriyyə qərarının verilməsi
üçün ana namizədləri mütəmadi olaraq ginekoloq müayinəsində
olmalıdırlar. Unutmamalıyıq ki, hər hamiləlik unikaldır, ən yaxşı
doğuş üsulu hamiləliyin xüsusi şərtlərini, ana və körpənin
sağlamlığı nəzərə alınmaqla müəyyənləşdiriləndir.
Bütün verilən qərarlar ana və körpənin sağlamlığına
yönəldilməlidir. Çünki mama-ginekoloqların əsas amalı və devizi
“Sağlam ana - sağlam körpədir!”.