Bakı. Trend:
Xüsusi icra məmuru öz fəaliyyətindən əldə etdiyi vəsaitdən qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri, ofisinin saxlanılması xərclərini və fəaliyyəti ilə bağlı digər xərcləri ödədikdən sonra qalan vəsait üzərində müstəqil sərəncam vermək hüququna malik olacaq.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Xüsusi icra məmurları haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, xüsusi icra məmurunun haqqının məbləği müəyyən edilərkən onun özünümaliyyələşdirmə ehtiyacı nəzərə alınmalıdır.
Xüsusi icra məmurunun haqqı standart haqq və əlavə icra haqqından ibarət olacaq. Standart haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin, xüsusi icra məmurunun və onun işçilərinin əməyinin ödənilməsi üçün veriləcək. Əlavə icra haqqı qarşılıqlı razılığa əsasən icranın tam və ya qismən təmin olunmasına görə ödəniləcək. Xüsusi icra məmurunun haqlarına dair məlumatlar xüsusi lövhədə xüsusi icra məmurunun ofisində görünən yerdən asılmalı, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və Palatanın rəsmi internet səhifələrində yerləşdirilməlidir.
Xüsusi icra məmurunun standart haqqının hesablanması meyarları və hədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Pul tələbinə dair icra sənədləri üzrə standart haqq tələbkarın xeyrinə tutulmalı olan məbləğlə eyni vaxtda borcludan tutulacaq. Borcludan tutulmuş vəsait standart haqqın və icra sənədi üzrə tələbin tam ödənilməsinə kifayət etmədikdə ilk növbədə standart haqqın ödənilməsinə yönəldiləcək. Pul tələbi olmayan icra sənədləri üzrə standart haqq icra sənədi tam icra olunduqdan sonra borcludan tutulacaq. Birgə borclular standart haqqın ödənilməsi üçün müştərək məsuliyyət daşıyacaqlar.
Xüsusi icra məmuru icra icraatına başlamaq haqqında qərarla eyni vaxtda standart haqqın tutulması barədə qərar çıxaracaq və onu 3 (üç) iş günü müddətində tərəflərə göndərəcək. Həmin qərarda xüsusi icra məmuru standart haqqın məbləğini qeyd edəcək. Standart haqqın tutulması barədə xüsusi icra məmurunun qərarı icra sənədi hesab olunacaq.
Standart haqq borclu tərəfindən ödənilməzsə, xüsusi icra məmuru standart haqqın tutulması barədə qərarını həmin icraat çərçivəsində məcburi icraya yönəldəcək. Xüsusi icra məmurunun fəaliyyətinə xitam verildiyi hallar istisna olmaqla, bu qərarın icrası həmin xüsusi icra məmuru tərəfindən həyata keçiriləcək. Məcburi icra tədbirlərinə baxmayaraq, borcludan tutulması mümkün olmadıqda icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tələbkar tərəfindən ödənilməlidir.
İcra sənədi könüllü icra müddəti bitənədək borclu tərəfindən icra olunarsa, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər istisna olmaqla, borclu standart haqqı ödəməkdən azad ediləcək.
Zərurət olmadan çəkilmiş və əsaslandırılmamış xərclər xüsusi icra məmurunun standart haqqına daxil edilə bilməz. Belə xərclər xüsusi icra məmurunun özünə aid edilir. Standart haqqın tutulması barədə qərardan tərəflər onu əldə etdikləri gündən 10 (on) gün müddətində inzibati qaydada və məhkəməyə şikayət verə biləcəklər. Haqqın qanunsuz tutulması və ya artıq məbləğdə ödənilməsi məhkəmə tərəfindən təsdiq edilərsə, xüsusi icra məmuru bu barədə məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən 10 (on) iş günü müddətində həmin məbləği geri qaytarmalıdır.
Əlavə icra haqqının hesablanması meyarları və hədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Əlavə icra haqqının tələbkar tərəfindən ödənilməsi şərtləri icraata başlanmazdan əvvəl xüsusi icra məmuru ilə tələbkar arasında yazılı razılıqla müəyyən olunacaq. Əlavə icra haqqı icra icraatının bütün müddəti ərzində ödənilə biləcək.
Xüsusi icra məmuru tərəfindən standart haqqın və əlavə haqqın məbləğinin bu Qanuna uyğun olaraq müəyyən edilən hədlərdən artıq müəyyən edilməsinə, əlavə icra haqqının borcludan tutulmasına yol verilməyəcək.
Bundan əlavə, icra icraatına başlamazdan əvvəl standart haqq tələbkar tərəfindən avanslaşdırılmalıdır.
Avansın məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
Alimentlərin tutulması, sağlamlığa vurulmuş, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə dəymiş, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbləri, habelə işin məhkəmə baxışında dövlət hesabına hüquqi yardım almış şəxslər istisna olmaqla, tələbkar avans məbləğini ödəmədiyi təqdirdə xüsusi icra məmuru icra icraatına başlamaqdan imtina edəcək.
İcra tədbirlərinin nəticəsində standart haqqın məbləğinin avansdan çox və ya az olmasından asılı olmayaraq, standart haqq borcludan tam tutulduqda avans məbləği tələbkara qaytarılacaq. Standart haqqın məbləği avansdan çox olarsa, standart haqq borcludan qismən tutulduqda avansla cəmlənəcək, standart haqqın tam məbləğini keçən hissə tələbkara qaytarılacaq, standart haqqın borcludan tutulması mümkün olmadıqda isə avans tələbkara qaytarılmayacaq. Standart haqqın məbləği avansdan az olarsa, standart haqq borcludan qismən tutulduqda çatışmayan məbləğ avans hesabına tamamlanacaq və avansdan qalan hissə tələbkara qaytarılacaq, standart haqqın borcludan tutulması mümkün olmadıqda isə avansla standart haqq arasındakı məbləğ fərqi tələbkara qaytarılacaq.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.