Bakı. Trend:
Bu qanunda nəzərdə tutulmuş məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin (bundan sonra icra sənədləri) icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi (bundan sonra şəhadətnamə) almış fiziki şəxs xüsusi icra məmuru hesab ediləcək.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Xüsusi icra məmurları haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, xüsusi icra məmuru məcburi icra orqanı statusuna malikdir, fəaliyyətini peşəkar əsaslarla həyata keçirəcək. Xüsusi icra məmuru dövlət hakimiyyətinin nümayəndəsi hesab edilməyəcək.
Xüsusi icra məmurunun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmayacaq.
Xüsusi icra məmurunun fəaliyyəti qanunçuluq, ədalətlilik, qərəzsizlik, obyektivlik, icra sənədlərinin icrasının məcburiliyi, məcburi icra tədbirlərinin mütənasibliyi və şəffaflıq prinsiplərinə əsaslanacaq.
Xüsusi icra məmuru peşə fəaliyyətini həyata keçirərkən icra icraatının tərəflərinə (bundan sonra tərəflər), üçüncü şəxslərə hörmətlə yanaşmalı, onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən hərəkətlərə (hərəkətsizliyə) yol verməməlidir.
Xüsusi icra məmuru peşə fəaliyyətində normativ hüquqi aktların tələblərinə dəqiq riayət etməlidir. Xüsusi icra məmuru yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxslərin hüquq və azadlıqlarına müdaxilə edə biləcək.
Xüsusi icra məmuru icra icraatı zamanı icra sənədində göstərilmiş tələblərdən kənara çıxa bilməz.
Xüsusi icra məmuru peşə fəaliyyətini həyata keçirərkən yalnız qanuna tabedir. İcra sənədlərinin icrası ilə bağlı dövlət və bələdiyyə orqanlarının, hüquqi və fiziki şəxslərin xüsusi icra məmurunun qanuni fəaliyyətinə müdaxiləsi qadağan ediləcək.
Xüsusi icra məmuru peşə fəaliyyətini həyata keçirərkən şəxsi, ailə, dövlət, peşə, həkim, bank, sığorta, kommersiya və ya vergi sirrini təşkil edən, habelə qiymətli kağız mülkiyyətçilərinə dair məlumatların və digər konfidensial informasiyanın qorunması üçün qanunla nəzərdə tutulmuş tədbirlər görməlidir. Həmin məlumatların əsassız toplanmasına, yayılmasına və onlardan istifadə edilməsinə yol verilməyəcək.
Məcburi icra tədbirləri icra icraatının məqsədinə uyğun olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və tələblərin həcmi baxımından zəruri və səmərəli olmalıdır. Bu tədbirlər tətbiq edilərkən tərəflərin hüquq və qanuni maraqları təmin edilməlidir.
Xüsusi icra məmuru peşə fəaliyyətini qanunla müəyyən edilmiş hədlərdə həyata keçirəcək, sənədlərin və məlumatların tərəflər üçün əlçatanlığını təmin edəcək.
Xüsusi icra məmurunun icra icraatı çərçivəsində qəbul etdiyi qərarlar hüquqi qüvvəsinə görə dövlət icra məmurunun qəbul etdiyi qərarlara bərabər olacaq. İcra sənədlərinin icrası ilə əlaqədar xüsusi icra məmurunun qanuni tələbləri Azərbaycan Respublikasının ərazisində bütün dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olacaq.
Xüsusi icra məmuruna icra sənədlərinin icrası ilə əlaqədar tələb olunan məlumatlar, sənədlər və onların surətləri dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər tərəfindən tam və vaxtında verilməlidir.
Bu qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar.
Bu qanunun müddəaları qanun qüvvəyə mindikdən sonra verilən icra sənədlərinin icrasına şamil olunacaq. Bu Qanunun qüvvəyə minməsindən əvvəl verilən icra sənədləri xüsusi icra məmurunun icraatına onun razılığı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi həddən çox olmamaqla yönəldilə biləcək.
Xüsusi icra sistemi Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş mərhələlərdə tətbiq olunacaq.
Bu qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.