Bakı. Trend:
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.
Trend xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasının sonunda məlumat verib.
Spiker bildirib ki, bu dövrdə, yəni iyunun 3-dən indiyədək Milli Məclisin 7 iclası keçirilib. 45 qanun və qərar, o cümlədən 2 Konstitusiya qanunu qəbul olunub. 5 beynəlxalq müqavilə və konvensiya təsdiq edilib.
Milli Məclisdə iki ictimai dinləmə keçirilib. Dinləmələrdə Milli Məclisin komitə sədrləri və deputatları ilə yanaşı, icra orqanlarının rəhbər vəzifəli şəxsləri, elm və təhsil işçiləri, yaradıcılıq birliklərinin nümayəndələri də fəal iştirak ediblər.
Sessiya müddətində Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində də zəruri tədbirlər görülüb.
Milli Məclisin 19 deputatı 11 xarici ölkəyə 24 səfər həyata keçirib. Deputatlarımız 7 beynəlxalq təşkilatın tədbirlərində iştirak ediblər.
18 xarici ölkənin və 6 beynəlxalq təşkilatın 30 nümayəndə heyəti, ümumilikdə 144 nəfər xarici qonaq Milli Məclisdə olub.
Milli Məclisin sədri Azərbaycanda səfərdə olan 3 ölkənin parlament sədrləri və 9 ölkənin ombudsmanları ilə görüşlər keçirib. Milli Məclisin sədri Pakistan və Belçikanın Azərbaycandakı səfirləri ilə görüşüb.
Milli Məclis sədrinin üç ölkəyə işgüzar səfərləri olub.
“Beləliklə, Milli Məclis növbədənkənar sessiyasını uğurla başa çatdırır. Mən sizə səmərəli iş üçün təşəkkür edirəm və növbədənkənar sessiyanı bağlı elan edirəm”, - deyə S.Qafarova fikrini tamamlayıb.