...

Geri qaytarılmayan bəzi büdcə ssudaları Təminat Fondu hesabına bağlanılacaq

İqtisadiyyat Materials 14 İyul 2025 11:48 (UTC +04:00)
Geri qaytarılmayan bəzi büdcə ssudaları Təminat Fondu hesabına bağlanılacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunan ssudalar Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılacaq.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Dövlət borcu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, "Büdcə sistemi haqqında" Qanuna uyğun olaraq dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə büdcə ili ərzində ən geci verildiyi büdcə ilinin sonunadək qaytarılmalı olan büdcə ssudaları ayrılır.

Mövcud qanunvericiliyə əsasən, dövlət büdcəsindən ayrılmış büdcə ssudalarının vaxtında geri qaytarılması həmin ssudanı alan təşkilatların öhdəliyindədir. Lakin təcrübədə bu vəsaitlərin təşkilatlar tərəfindən geri qaytarılmasında bir sıra problemlər müşahidə olunmaqdadır.

Bununla əlaqədar büdcə ssudalarının vaxtında dövlət büdcəsinə geri qaytarılması mexanizminin formalaşdırılması məqsədilə "Dövlət borcu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb.

Layihədə dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunan ssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılması (ödənilməsi) nəzərdə tutulur.

Qeyd olunan dəyişiklik Təminat Fondunun yalnız dövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilə deyil, həm də qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsi ilə bağlı daha çevik bir alətə çevrilməsinə imkan yaradacaq.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti