Bakı. Trend:
ABŞ prezidenti Donald Trampın 1 avqustdan etibarən Avropa İttifaqına qarşı gömrük rüsumlarını artıracağı ilə bağlı məktubu Avropa və ABŞ arasında ticarət danışıqlarına təzyiqləri artırıb. Məsələnin müzakirəsi ilə bağlı Aİ ölkələrinin ticarət nazirləri bu gün Brüsseldə bir araya gələcək.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, bu, ABŞ prezidenti Donald Trampın 1 avqustdan etibarən Avropa tərəfdaşlarına qarşı yüksək gömrük rüsumu tətbiq edəcəyini elan etməsindən sonra baş verir. Şənbə günü ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" sosial media platformasında Aİ və Meksikaya qarşı 30 faizlik rüsumla bağlı yeni məktublar dərc edib.
Bu bəyanat ABŞ ilə onun iki əsas ticarət tərəfdaşı arasında münasibətlərdə ciddi sarsıntılara səbəb ola bilər. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu bəyanata dərhal cavab verərək, blokun “dialoqa, sabitliyə və konstruktiv transatlantik tərəfdaşlığa sadiqliyini” vurğulayıb.
Aİ ticarət nazirləri ABŞ və Çinlə ticarət məsələlərini müzakirə etmək üçün Belçika paytaxtında keçirilən Xarici Əlaqələr Şurasının iki günlük iclasına toplanacaqlar