...

Xüsusi İcra Məmurlarının Palatası yaradılacaq, üzvlük haqqı ödəniləcək

Cəmiyyət Materials 14 İyul 2025 11:53 (UTC +04:00)
Xüsusi İcra Məmurlarının Palatası yaradılacaq, üzvlük haqqı ödəniləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xüsusi icra məmurlarının özünüidarəsi qanunçuluq, şəffaflıq, hesabatlılıq, obyektivlik, ədalətlilik və özünüidarə orqanının qərarlarının xüsusi icra məmurları üçün məcburiliyi prinsiplərinə əsaslanır. Xüsusi icra məmurlarının özünüidarə orqanı Xüsusi İcra Məmurlarının Palatasıdır (bundan sonra - Palata).

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Xüsusi icra məmurları haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Palatanın əsas məqsədi xüsusi icra məmurlarının fəaliyyətinin idarə olunmasında iştirak etmək, xüsusi icra məmurlarının fəaliyyətinin təşkili və bu fəaliyyətə nəzarət olunması sahələrinin inkişafını və təkmilləşdirilməsini təmin etməkdir. Palata xüsusi icra məmurlarının üzvlüyü əsasında yaradılacaq və qeyri-kommersiya hüquqi şəxsi olacaq.

Palata bu qanun və Palatanın Ümumi yığıncağında qəbul edilmiş nizamnaməsi əsasında fəaliyyət göstərəcək.

Palatanın idarə olunması qaydası onun Nizamnaməsi ilə tənzimlənəcək. Palataya Palatanın İdarə Heyətinin sədri, o olmadıqda isə müavini rəhbərlik edəcək.

Palatanın maliyyələşmə mənbələri aşağıdakılar olacaq:

  • Palata üzvlərinin üzvlük haqları;
  • Palata üzvlərinin intizam tənbeh tədbiri kimi cərimə edilməsindən daxilolmalar;
  • ianələr;
  • qanunla qadağan olunmayan digər mənbələr.

Palata üzvlərinin üzvlük haqqının məbləği, onun ödənilməsi müddəti və qaydası Palatanın nizamnaməsi ilə müəyyən olunacaq.

Palatanın aşağıdakı səlahiyyətləri olacaq:

  • xüsusi icra məmurlarının hüquqlarını qorumaq;
  • xüsusi icra məmuru peşəsinin nüfuzunun yüksəldilməsini təmin etmək;
  • müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) xüsusi icra məmurlarının fəaliyyətinin səmərəli təşkilində yardım etmək;
  • xüsusi icra məmurlarının yüksək peşəkarlıq səviyyəsini və inkişafını təmin etmək;
  • xüsusi icra məmurlarının etik davranış qaydalarını təsdiq etmək, xüsusi icra məmurlarının davranışının həmin qaydalara uyğunluğuna nəzarət etmək və onun təhlilini aparmaq, həmin normaların tələblərini pozanlara qarşı tədbirlər görmək;
  • bu qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində xüsusi icra məmurlarının fəaliyyətinə nəzarət etmək;
  • xüsusi icra məmuru olmaq istəyən şəxslərin ilkin icbari hazırlığının təşkilində və onların ixtisasının və peşə hazırlığının artırılmasının təşkilində iştirak etmək, xüsusi icra məmurlarının təlim ehtiyaclarını qiymətləndirmək;
  • xüsusi icra məmurlarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təkliflər vermək;
  • icra sənədlərinin icrası sahəsində təcrübənin formalaşdırılması üçün xüsusi icra məmurlarının fəaliyyəti üzrə ümumiləşdirmələr aparmaq;
  • icra sənədlərinin icrası sahəsində beynəlxalq təcrübəni öyrənmək;
  • fəaliyyəti ilə əlaqədar dövlət və bələdiyyə orqanları, onların vəzifəli şəxsləri, beynəlxalq təşkilatlar və hüquqi şəxslərlə əməkdaşlıq etmək, həmin münasibətlərdə xüsusi icra məmurlarını təmsil etmək;
  • Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının (bundan sonra Müsabiqə Komissiyası) və Xüsusi İcra Məmurlarının İntizam Komissiyasının (bundan sonra İntizam Komissiyası) işində iştirak etmək;
  • peşə borclarını nümunəvi yerinə yetirən, uzun müddət qüsursuz və səmərəli fəaliyyət göstərən xüsusi icra məmurlarını mükafatlandırmaq;
  • xüsusi icra məmurlarının şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatların yoxlanılmasını təşkil etmək, habelə təsdiq olunmadığı təqdirdə belə məlumatların təkzib olunması üçün tədbirlər görmək;
  • bu qanunda nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

Palatanın üzvü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xüsusi icra məmurunun fəaliyyətinin yoxlanılmasına cəlb oluna biləcək.

Xüsusi icra məmuru Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edildiyi andan Palatanın üzvü olacaq.

Xüsusi icra məmurunun fəaliyyətinə xitam verildikdə onun Palataya üzvlüyünə xitam veriləcək.

Palata öz fəaliyyəti barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) illik hesabat verəcək. Palata daxil olan, icra edilmiş və həllini gözləyən icra işlərinin sayı, onların həllolunma faizi, məcburi icranın yekunlaşdırılmasına sərf olunan orta müddət, məcburi icranın xərcləri barədə məlumatlardan ibarət olan xüsusi icra məmurlarının fəaliyyəti barədə illik hesabatı hazırlayacaq və dərc edəcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Palatanın qanunvericiliyə zidd aktlarına dəyişiklik edilməsini və ya onların ləğv edilməsini tövsiyə edəcək.

Palata xüsusi icra məmurlarının beynəlxalq təşkilatlarına üzv ola biləcək.

Palata dövlət qeydiyyatına alınanadək onun bu qanunla müəyyən edilmiş səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Palata dövlət qeydiyyatına alınanadək xüsusi icra məmurlarının üzvlük haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək və xüsusi icra institutunun məqsədləri üçün istifadə olunacaq.

Palatanın təsisçiləri Reyestrə daxil edilmiş xüsusi icra məmurları olmalıdır. Təsis yığıncağı xüsusi icra məmurlarının sayı 50 (əlli) nəfərə çatdıqda, onların ən azı üçdə ikisinin iştirakı ilə keçiriləcək. 2027-ci il yanvarın 1-dək Reyestrə daxil edilmiş xüsusi icra məmurlarının sayı 50 (əlli) nəfərə çatmazsa, təsis yığıncağı Reyestrə daxil edilmiş xüsusi icra məmurlarının ən azı üçdə ikisinin iştirakı ilə keçiriləcək. İclasa təsis yığıncağında iştirak edən ən yaşlı xüsusi icra məmuru sədrlik edəcək.

Reyestrə 50 (əlli) nəfər xüsusi icra məmuru daxil edildikdən sonra 1 (bir) il müddətində, yaxud 2028-ci il yanvarın 1-dək Palata təsis edilməzsə, təsis yığıncağı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən çağırılacaq.

Palata dövlət qeydiyyatına alındığı andan Reyestrə daxil edilmiş bütün xüsusi icra məmurları onun üzvləri hesab ediləcəklər.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti