Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 2,9 milyon ton neft emal edilib.
Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 300 min ton və ya 9,4% azdır.
Belə ki, keçən ilin yanvar-iyun aylarında ölkədə neftin emalı 3,2 milyon tona yaxın təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində ölkədə 13,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,3 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,5 milyon ton təşkil edib.
Bu dövrdə 11,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 9,9 milyon tonu konsorsiumların, 1,4 milyon tonu SOCAR-ın, 0,3 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.
Bu ilin 6 ayı ərzində xam neft hasilatı orta hesabla gündəlik 61.9 min ton (457 min barrel), kondensat hasilatı 13,7 min ton (113 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 75,6 min ton (570 min barrel) olub.