Bakı. Trend:
Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında ən tez zamanda sülh müqaviləsinin bağlanacağına ümid edir.
Trend xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa Şurası prezidenti Antoniu Koşta ilə birgə Ermənistan baş naziri Nikol Paşinyanla Brüsseldə keçirdiyi üçtərəfli görüşdə deyib.
“Azərbaycanda sülh müqaviləsinin layihəsi on illiklərlə sürən düşmənliyə son qoyacaq həlledici bir andır və mən onun ən tez bir zamanda imzalanacağına ümid bəsləyirəm”, - deyə fon der Lyayen bildirib.
Xatırladaq ki, iyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub.
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş konstruktiv atmosferdə keçib. Sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.
Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub.