Bakı. Trend:
Rustem Umerovun yerinə Ukraynanın müdafiə naziri postuna hazırkı Baş nazir Denis Şmıqal təyin oluna bilər.
Trend-in məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.
Zelenski çıxışında qeyd edib ki, Baş nazirin birinci müavini Yuliya Sviridenkaya hökumətə rəhbərlik etməyi və onun fəaliyyətini “Ukrayna istehsalına və sahibkarlığına dəstək təcrübəsi əsasında” yenidən təşkil etməyi təklif edib.
“İndiki Baş nazir Denis Şmıqalın böyük təcrübəsi Ukraynanın müdafiə naziri vəzifəsində mütləq faydalı olacaq. Hazırda məhz bu sahədə ölkədə maksimum resurslar, maksimum tapşırıqlar və böyük məsuliyyət toplanıb”, – deyə Prezident vurğulayıb.
Zelenski əlavə edib ki, Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılmasında parlamentin kifayət qədər dəstəyinə ümid edir. O, həmçinin hökumətin Ukraynanın beynəlxalq tərəfdaşları ilə imzalanmış bütün razılaşmalar üzrə tezliklə audit aparmasının vacibliyini qeyd edib.