Bakı. Trend:
Bu ilin birinci yarısında elektrik enerjisinin istehsalı “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14,6 milyon kilovat-saat təşkil edib.
Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında elektrik enerjisinin istehsalı 7,3 milyon kilovat-saat və ya 33,3% azalıb.
Belə ki, ötən ilin birinci yarısında elektrik enerjisinin istehsalı “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 21,9 milyon kilovat-saat təşkil etmişdi.
Qeyd edək ki, bu ilin birinci yarımili üzrə operativ məlumatlara əsasən, respublikada elektrik enerjisinin istehsalı 291,5 mln. kVt·st., yəni 2,2% artaraq 13 849,3 mln. kVt·st. olub.
Bu dövrdə İES-lərdə 11 519,2 mln. kVt·st, SES-lərdə 1 860 mln. kVt·st, digər mənbələr üzrə isə 470,1 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 21,0 mln. kVt·st, günəş elektrik stansiyalarında 314,6 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 134,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji mənbələrindən 297,2 mln. kVt·st artımla 2 330,1 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
6 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 12 323,2 mln. kVt·st (İES-lərdə 10 441,4 mln. kVt·st, SES-lərdə 1 851,1 mln. kVt·st, GES-lərdə 30,7 mln. kVt·st) təşkil edib.