Paris. Trend:
Müharibə zamanı informasiyanın Azərbaycanın cəsarətli jurnalistləri öz həyatlarını riskə ataraq cəmiyyəti regionda baş verən hadisələrlə məlumatlandırmaq kimi vəzifəni yerinə yetirirdilər.
Trend xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova birinci və İkinci Qarabağ müharibələri zamanı erməni işğalçıları tərəfindən amansızcasına qətlə yetirilmiş azərbaycanlı şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş sərgidə bildirib. Sərgi Parisdə Baku Network analitik mərkəzi tərəfindən təşkil olunub.
Səfirliyin müşaviri Nigar Hüseynova Azerbaycanin 1980-ci illərin sonlarından etibarən Ermənistanin açıq ərazi iddiaları ve bunun ardınca elan olunmamış müharibəsi ilə üzləşməsindən bəhs etmişdir. Ermənistanın Azərbaycana təcavüzünün ağır nəticələrini qeyd edərkən, Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu, 20 000-dən çox insanın həlak olduğunu, 1 milyondan artıq qaçqın və məcburi köçkün düşdüyünü, ölkə əhalisinin müharibə cinayətləri və soyqırımlarla üzləşdiyini, şəhərlərin bütövlükdə dağıdıldığını, tarixi və mədəni irsin tamamilə məhv edildiyini qeyd etmişdir.
N. Hüseynova münaqişə qurbanları arasında mətbuat nümayəndələrinin olduğunu vurğulayaraq, 1991-ci ildə erməni qüvvələri tərəfindən vəhşicəsinə öldürülən və ilk şəhid jurnalist olan Salatın Əsgərovanı, habelə 1991-ci ildə Azərbaycanın yüksək rütbəli nümayəndələrini və nazirlərini daşıyan və Qarabağ səmasında terror aktına məruz qalan vertolyotda həlak olmuş Osman Mirzəyev, Alı Mustafayev və Fəxrəddin Şahbazovu, habelə Xocalı soyqırımının dünya mətbuatında tanıdılmasında rolu olan, 1992-ci ildə Ağdamda çəkiliş zamanı şəhid olan Çingiz Mustafayevi qeyd etmişdir. Bununla yanaşı, 2021-ci ildə Kəlbəcərdə AZTV və Azərtac əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimovun mina qurbanları olduğunu qeyd edərək, azərbaycanlıların bugün də mina təhlükəsi altında yaşadıqlarını vurğulamışdır.
Səfirliyin müşaviri müharibələr zamanı uşaqlar, yaşlılar, həkimlər və jurnalistlərin də daxil olduğu mülki insanların toxunulmazlığını qeyd edərək, Cenevrə Konvensiyasina Birinci Əlavə Protokola görə mətbuat nümayəndələrinin mülki şəxslər hesab olunduğunu xatırlatmışdır.
Böhran zamanı informasiyanın həyati əhəmiyyətini vurğulayan N.Hüseynova, bu cəsarətli jurnalistlərin öz həyatlarını riskə ataraq cəmiyyəti regionda baş verən hadisələrlə məlumatlandırmaq kimi vəzifəni yerinə yetirdiyini bildirmiş və onların bu vəzifələri internetin və sosial şəbəkənin mövcud olmadığı, informasiyanın bugün olduğu kimi sürətlə yayılmaq imkanının olmadığı bir dövrdə, Azərbaycan üzərində informasiya blokadasının yaradıldığı çətin şəraitdə yerinə yetirildiyini əlavə etmişdir. Şəhid jurnalistlərə həsr edilən bu təşəbbüsə görə “Baku Network” Analitik Mərkəzinə təşəkkür etmişdir.
N.Hüseynova Ermənistan və Azərbaycan arasında hazırki normallaşma prosesinə toxunaraq, Azərbaycan torpaqlarının işğalına son qoyan və regionda yeni səhifə açan 2020-ci ilin 44 günlük müharibəsindən sonra məhz Azərbaycanın təşəbbüsü ilə sülh gündəliyinə başlanildigini qeyd etmişdir. O, 30 illik qarşıdurmadan sonra ilk dəfə cari ilin mart ayında Bakı və Yerevanın sülh müqaviləsi üzərində işin yekunlaşmasına dair ümidverici bəyanatlar verdiyini və sülh yoluna mərhələli şəkildə davam etdiyimizi söyləmişdir. Bu xüsusda, cari ilin 10 iyul tarixində Abu-Dabidə Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında mühüm görüşün baş tutduğunu diqqətə çatdırmışdır.
N.Hüseynova Azərbaycan xalqının sülh arzuladığını və eyni zamanda, bunun erməni xalqının da arzusu olacağına ümid ederek yalniz bu halda sülhün davamlı və dayanıqlı olacağını vurğulayıb.
Qeyd edək ki, Baku Network analitik mərkəzi Avropada ilk dəfə olaraq Ermənistanın təcavüzü nəticəsində həlak olan azərbaycanlı jurnalistlər mövzusunu gündəmə gətirib və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirib.
Paris şəhərində təşkil olunmuş sərgi çərçivəsində Baku Network ictimaiyyətə şəhid jurnalsitlər haqqında materiallar təqdim edib.
Tədbir iştirakçılarına şəhid-jurnalistlərin xatirəsinə həsr olunmuş bukletlər paylanıb. Tədbirdə Fransa ictimaiyyətinin nümayəndələri, fransız və xarici jurnalistlər iştirak ediblər.Tədbir Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində Baku Network-un “Azərbaycana qarşı hibrid və ideoloji təhdidlərin təhlili” adlı layihəsi çərçivəsində keçirilib. Sərgi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə təşkil olunub.