Bakı. Trend:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və DİN-in Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Əsgəran postunda Şəmsi Xaspoladzadəyə məxsus avtomobildə 120 kiloqramadək iribuynuzlu heyvan cəmdəyi aşkarlayıb.
AQTA-dan Trend-ə verilən məlumata görə, baxış zamanı ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, orqanoleptik göstəricilərinə görə ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, həmçinin antisanitar şəraitdə daşındığı müəyyən edilib.
Xaspoladzadə Şəmsi Rafayıl oğlu izahatında ətin Laçın rayonunun Narışlar kəndində Abbasov Rizvan Əvəz oğlu tərəfindən kəsildiyini və onun sifarişi ilə Ağcabədi rayonuna apardığını bildirib.
Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim olunub və istehlaka yararsız ət soyuducu anbarda saxlanca yerləşdirilib.
Qeyd edilib ki, faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Araşdırmalar davam etdirilir.