...

Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestri yaradılacaq

Cəmiyyət Materials 15 İyul 2025 14:34 (UTC +04:00)
Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestri yaradılacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin Əsasnaməsi” təsdiq edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, bu Əsasnamə tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin (bundan sonra – Reyestr) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

Reyestr rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə tütün məmulatının idxalının və istehsalının həyata keçirilməsi fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, həmin informasiya ehtiyatlarında və sistemlərində saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edən dövlət informasiya ehtiyatıdır. Reyestrdə tütün məmulatının idxalının və istehsalının həyata keçirilməsi məqsədilə qeydiyyata alınmış sahibkarlıq subyektləri, eləcə də qeydiyyatın dayandırılması, bərpa edilməsi, yenidən rəsmiləşdirilməsi və ləğvi barədə məlumatlar əks olunur.

Reyestrin aparılmasının məqsədi tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektləri ilə bağlı dövlət idarəetməsinin optimallaşdırılmasından, eləcə də müvafiq sahə üzrə təhlil aparılmasından, proqnoz və hesabatların hazırlanmasından və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.

Reyestrdə yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.

Reyestrdən istifadə ödənişsizdir və Reyestrin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Reyestrin sahibi və operatoru tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyatını aparan İqtisadiyyat Nazirliyidir.

Reyestrdəki məlumatlar lisenziyaların və icazələrin vahid reyestrinə inteqrasiya olunur.

Qərarla həmçinin “Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması, tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin aparılması Qaydası” təsdiq edilib.

Bu Qayda tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması və tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin (bundan sonra – Reyestr) aparılması ilə bağlı məsələləri tənzimləyir.

Bu Qaydada istifadə olunan əsas anlayışlar Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.

Qeydiyyata alınma və Reyestrin aparılması İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti