Bakı.Trend:
Azərbaycan və Türkiyə arasında fəal siyasi münasibətlər davam edir.
Trend xəbər verir ki, bunu 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlər yüksək səviyyədə inkişaf edir:
"Şuşa Bəyannaməsi iki ölkə arasında əməkdaşlığın güclənməsində mühüm rol oynayır. Hazırda fəal və dinamik siyasi münasibətlər davam edir".
O qeyd edib ki, bu il ərzində Azərbaycan–Türkiyə münasibətləri əlamətdar xarakter daşıyır:
"Prezident İlham Əliyev bu il ərzində üç dəfə Türkiyəyə səfər edib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycana rəsmi səfərlər həyata keçirib".
Samir Şərifov vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq iqtisadi sahədə də genişlənir: "Enerji və logistika sahəsində birgə layihələr davam etdirilir. Həyata keçirilən iri miqyaslı layihələr regionda yeni geosiyasi mənzərənin formalaşmasına töhfə verir".