Bakı. Trend:
İkinci Dünya Müharibəsi bəşər tarixinin ən qanlı səhifələrindən biridir və milyonlarla insanın həyatını itirməsilə nəticələnib. Azərbaycan xalqı Sovet İttifaqının tərkibində faşizmə qarşı mübarizədə xüsusi qəhramanlıq nümünəsi göstərib. Müharibə zamanı ölkəmizin sənaye və kənd təsərrüfatı potensialı bütünlüklə cəbhəyə yönləndirilib, Bakı nefti Qızıl ordunun döyüş meydanında qalib gəlməsində həlledici rol oynayıb. Bununla yanaşı, Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb və onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı deyib.
Millət vəkili xatırladıb ki, müharibə illərində göstərdikləri igidliyə və şücaətə görə 42 azərbaycanlı Sovet İttifaqı Qəhramanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib:
“Bütün bunlar xalqımızın faşizm üzərində qələbəyə verdiyi mühüm töhfənin bir hissədir.Lakin bu gün bəzi dövlətlərdə faşizm ideologiyasının əbədiləşdirilməsi və onlara xidmət edənlərin qəhramanlaşdırılması halları baş verir. Ermənistan da həmin dövlətlərdən biridir. Hal-hazırda İrəvanda faşist cəlladı və nasistlərlə əməkdaşlıq etmiş Qaragin Njdeyə ucaldılan abidə qəhramanlıq simvolu kimi təqdim olunmaqdadır. Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibili iclasında bu məsələni vurğulamaqla öz kəskin etirazını bildirmişdi. Aydındır ki, ermənilərin Qaregin Njdenin xatirəsini əbədiləşdirilməsi onların məhz faşist xislətlərindən irəli gəlir”.
Deputat bildirib ki, xalqımız uzun müddət erməni cinayətlərinə qarşı mübarizə aparıb və bunun uğrunda minlərlə qurban verib.
“Azərbaycan 2020-ci ildə 44 gün davam edən tarixlərə şan olan mübarizə ilə işğal altındakı torpaqlarını azad edərək 30 ilə yaxın davam edən ədalətsizliyə son qoydu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hərbi-siyasi strategiya nəticəsində Ermənistan məğlub edildi və Nikol Paşinyan məğlub xalqın məğlub lideri kimi kapituliyasiya aktına imza atdı. Tarixi Zəfərimiz xalqın birliyinin və güclü dövlət iradəsinin təntənəsi idi”, - deyə o qeyd edib.
G.Ağamalı əlavə edib ki, Azərbaycan həm İkinci Dünya müharibəsində, həm də Vətən müharibəsində sülh və ədalət uğrunda mübarizə aparıb.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli isə Trend-ə açıqlamasında deyib ki, Azərbaycan və onun xalqının İkinci Dünya müharibəsində faşizm üzərində qələbəyə verdiyi töhfələr kifayət qədər böyükdür:
“Bu özünü təkcə qəhrəman əsgər və zabitlərimizin cəbhədə nümayiş etdirdiyi şücaətdə deyil, həmçinin arxa cəbhədə Azərbaycan xalqının verdiyi töhfədə büruzə verir. Əgər say tərkibini nəzərə alsaq, həmin zamanda Azərbaycan xalqı faşizmə qarşı mübarizədə ən böyük itkilər verən xalqlardan biri hesab oluna bilər. Elə bir ailə yoxdur ki, bir və ya bir nüçə üzvü müharibədə şəhid olmasın”.
Millət vəkilinin sözlərinə görə, bəşəriyyət faşizmin gətirdiyi dəhşətli bəlalardan nəticə çıxarmadı:
“SSRİ-nin süqutuna yaxın zamanda Azərbaycan ərazilərində başladılan separatizm hərəkatının təməlində də elə həmin faşist ideologiyasının ayrı-ayrı istiqamətləri dayanırdı. Bir vaxtlar faşizmi dəstəkləyən, müdafiə edən Daşnaksütyun bu ideologiyanı Azərbaycan ərazilərinə daşıyaraq əslində daha sonra təcavüzə, işğala, Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı cinayətlərinə zəmin yaratmışdı. Paradoksal görünən məqamlardan biri də odur ki, bir zamanlar faşizmə qarşı mübarizə aparan və ya buna dəstək verən ölkələr daha sonra məhz faşizm ideologiyası ilə silahlanaraq Azərbaycan torpaqlarına təcavüz edən, Azərbaycan xalqına qarşı soyqırımı cinayətləri törədən erməni cəlladlarına münasibətdə eyni yanaşmanı sərgiləmədilər, təcavüzkarın, faşizm ideologiyası ilə silahlanan cinayətkarların yanında yer almağa üstünlük verdilər”.
Deputat vurğulayıb ki, Ermənistanda faşizm ideoloqları qəhrəmanlaşdırılır:
“Ermənistanda onların “şərəf”inə ucaldılan abidə bu gün də qorunub saxlanılır. Ölkənin gəncləri həmin abidənin önündə and içirlər. Hələ 1936-cı ildə Amerikada Daşnaksütyun təsisatına bağlı olan erməni diasporunun ayrı-ayrı nümayəndələri, o cümlədəm faşist Qaregin Njdenin ətrafında olan şəxslər həmin dövrdə müxtəlif media resurslarında faşizmi təbliğ edən məqalələr yayırdılar. Daşnaksütyun Partiyasının ideoloji təməlində dayanan faşist elementləri ilə Hitler Almaniyasının təbliğ etdiyi ideologiya faktiki olaraq bəşəriyyət əleyhinə olan eyni cinayətlər idi. Həmin cinayətlərin təzahürlərini daha sonra Azərbaycan ərazilərində törədilən hadisələrdə gördük”.
E.Mirzəbəyli bildirib ki, faşizmlə mübarizədə nümayiş etdirilən ikili standartlar daha böyük cinayətlərə yol aça bilər. Bu cinayətlərə yalnız vahid mövqe nümayiş etdirməklə son qoymaq mümkündür.
“Faşizmə qarşı mübarizədə sovet respublikaları ilə birlikdə hərəkət edən Azərbaycan xalqı öz ərazilərində işğalla müşahidə olunan faşizmin digər təzahürlərinə qarşı təkbaşına mübarizə apardı və qəhrəmancasına qalib gəldi. Və bununla sübuta yetirildi ki, İkinci Dünya müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi qəhrəmanlıq nə qədər üzərinə kölgə salınmağa cəhd göstərilsə də, təsadüfi deyil. Döyüş ruhu, ədalətin bərqərar olunması Azərbaycan xalqının milli ideologiyasının təməlini təşkil edir. Şərə qarşı mübarizə bizim milli düşüncəmizin əhəmiyyətli hissəsidir”, - deyə o qeyd edib.