...

Azərbaycan və Özbəkistan arasında dostluq təkcə rəsmi deyil, həm də ictimai təməl üzərində qurulub - Azər Qarayev

Gündəm Materials 3 İyul 2025 18:49 (UTC +04:00)
Azərbaycan və Özbəkistan arasında dostluq təkcə rəsmi deyil, həm də ictimai təməl üzərində qurulub - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilə Özbəkistan arasında münasibətlər klassik diplomatik çərçivələri çoxdan geridə qoyub. Bu əlaqələr artıq qardaşlıq, etimad və strateji tərəfdaşlıq kimi möhkəm təməllər üzərində formalaşıb.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Prezident Şavkat Mirziyoyevin bu günlərdə Bakıya səfəri bunu bir daha təsdiq etdi. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər, açılış mərasimləri və verilən bəyanatlar Azərbaycan–Özbəkistan əlaqələrinin təkcə bu gününü deyil, gələcəyini də müəyyənləşdirən mühüm yol xəritəsini ortaya qoydu", - o bildirib.

Onun sözlərinə görə, Bakıda baş tutan danışıqlar göstərdi ki, iki ölkə arasında siyasi münasibətlər qarşılıqlı hörmət, inam və tam koordinasiya üzərində qurulub.

"Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşan şəxsi münasibətlər diplomatik əlaqələrə əlavə dərinlik qazandırır. Bu, ikitərəfli əməkdaşlıqda dinamizmi artırmaqla yanaşı, regional məsələlərdə də vahid yanaşma ortaya qoymağa imkan verir. Azərbaycan və Özbəkistan beynəlxalq arenada da bir-birini fəal şəkildə dəstəkləyir. İkitərəfli formatda siyasi təmasların müntəzəmliyi, həmçinin, strateji məsələlərdə ortaq mövqelərin mövcudluğu gələcək əməkdaşlıq üçün sabit zəmin yaradır.

Bakıda keçirilən Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şurasının ikinci iclası əməkdaşlığın daha sistemli və institusional xarakter daşıdığını göstərir. Bundan əlavə, səfər çərçivəsində iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, nəqliyyat və gömrük sahələrini əhatə edən çoxsaylı sənədlər imzalandı. Bu razılaşmalar, sadəcə niyyət bəyanatları deyil - real iqtisadi layihələrin hüquqi bazasını təşkil edir.

Azərbaycan–Özbəkistan münasibətlərinin xüsusiyyəti ondan ibarətdir ki, bu əməkdaşlıq ortaq sənaye zonalarının yaradılması, logistik mərkəzlərin təşkili, ixrac–idxal balansının genişləndirilməsi və nəqliyyat dəhlizləri üzrə koordinasiyanı əhatə edir və sadalananları artıq praktik müstəviyə keçirib", - o bildirib.

A.Qarayev bildirib ki, son illərdə iki ölkə arasında enerji və nəqliyyat sahəsində koordinasiya xeyli intensivləşib.

"Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Orta Dəhliz layihəsi Özbəkistan üçün Avropa bazarlarına çıxışda əsas alternativlərdən birinə çevrilir. Bakı bu layihədə özünü regional logistika habına çevirməklə yanaşı, Orta Asiya ölkələrinin də beynəlxalq bazarlara inteqrasiyasında körpü rolunu oynayır. Bu kontekstdə yaşıl enerji sahəsində planlaşdırılan əməkdaşlıq ayrıca önəm kəsb edir. Azərbaycan və Özbəkistan günəş və külək enerjisi potensialını regional ixrac sisteminə çevirmək niyyətindədir. Bu məqsədlə Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi və ötürmə infrastrukturunun qurulması nəzərdə tutulur. Beləliklə, hər iki ölkə həm Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verəcək, həm də öz enerji ixrac portfelini şaxələndirəcək", - o bildirib.

Politoloq qeyd edib ki, səfər çərçivəsində gerçəkləşən iki açılış mərasimi - Bakıda Özbəkistanın yeni səfirlik binası və "Özbəkistan" Parkının təməlqoyma mərasimi – iki ölkə arasında dostluğun təkcə rəsmi deyil, həm də ictimai təməl üzərində qurulduğunu göstərir.

"Diplomatik münasibətlər üçün mühüm rəmz olan səfirlik binasının yeni, geniş və mərkəzi ərazidə yerləşməsi gələcəkdə bu əlaqələrin daha da intensivləşəcəyinə işarədir. Parkın salınması isə humanitar müstəvidə – mədəniyyət, tarix və xalq diplomatiyası sahəsində – qarşılıqlı anlaşmanın nə qədər dərin olduğunun göstəricisidir", - A.Qarayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan təkcə siyasi və enerji sahəsində deyil, eyni zamanda istehsalat və sənaye kooperasiyası baxımından da əməkdaşlığı gücləndirir.

"Artıq iki ölkə arasında birgə istehsalat müəssisələrinin yaradılması, kənd təsərrüfatı logistikası və ixrac üçün ortaq platformaların qurulması ilə bağlı konkret addımlar atılır. İmzalanan sənədlər və aparılan danışıqlar bu sahədə geniş investisiya potensialının mövcud olduğunu ortaya qoydu. Qarşılıqlı ticarət dövriyyəsinin artırılması da diqqət mərkəzindədir. Əvvəlki illərlə müqayisədə, son dövrdə bu sahədə əhəmiyyətli artım müşahidə olunur ki, bu da iqtisadi əlaqələrin daha sistemli şəkildə inkişaf etdiyini göstərir.

Azərbaycan və Özbəkistan regionda sabitliyin və təhlükəsizliyin qorunmasında ortaq yanaşma nümayiş etdirirlər. Hər iki ölkə beynəlxalq münasibətlərdə suverenliyə hörmət, qeyri-müdaxilə və konstruktiv əməkdaşlıq prinsiplərini müdafiə edir. Bu yanaşmalar təkcə ikitərəfli deyil, həm də regional proseslərdə balanslı və real siyasət yürütmək imkanı yaradır. Ümumilikdə, Şavkat Mirziyoyevin Bakıya səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin durmadan inkişaf etdiyini göstərir. Geniş koordinasiya, strateji sinxronluq və dostluq prinsiplərinə əsaslanan bu tərəfdaşlıq həm region üçün nümunə, həm də gələcəyin inteqrasiya modeli sayıla bilər", - A.Qarayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti