...

Araqçi və Qrossi Qahirədə yeni əməkdaşlıq formatı üçün bir araya gələcək

Dünya xəbərləri Materials 9 Sentyabr 2025 10:44 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran xarici işlər naziri Seyid Abbas Araqçi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorur Rafael Qrossi Misir paytaxtı Qahirədə bir araya gələcək.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, görüşdə İran və agentlik arasında qarşılıqlı əməkdaşlığın yeni formatı ilə əlaqədar müzakirələrin yekunlaşdırılması diqqət mərkəzində saxlanılacaq.

Bəqai əlavə edib ki, qorunma öhdəliklərinin icrası üçün İran və agentlik arasında qarşılıqlı əməkdaşlığın formatı İran və AEBA nümayəndələri arasında 3 raund müzakirələr əsasında tənzimlənib və yekun mərhələdədir. Bu formatda İranın nüvə obyektlərinə hərbi hava hücumları ilə əlaqədar reallıqlar, İran parlamentinin qəbul etdiyi qanun və Ali Milli Təhlükəsizlik Şurasının rəyləri nəzərdə tutulub.

Bəqai bildirib ki, İran xarici işlər nazirinin Misirə səfəri çərçivəsində iki ölkə arasında danışıqların yeni raundu keçiriləcək və nazir Misir prezidenti Əbdülfəttah Əs-Sisi ilə görüşəcək.

Əlavə edək ki, iyun ayında İranın nüvə obyektlərinə hərbi hava hücumlarından sonra İranın AEBA ilə əməkdaşlığı minimuma endirilib.

Qeyd edək ki, 2 iyulda İran prezidenti Məsud Pezeşkian AEBA ilə əməkdaşlığın dayandırılması üzrə qanunun qüvvəyə minməsinə dair qərar verib. İran parlamentinin qəbul etdiyi qanuna əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin yoxlamalar keçirmək üçün ölkəyə giriş icazəsi yoxdur. Yalnız İranın Ali Milli Təhlükəsizlik Şurası ölkənin dinc məqsədli nüvə fəaliyyəti və nüvə mərkəzlərinin təhlükəsizliyinə zəmanət verildiyini təsdiqlədiyi halda, agentlik müfəttişlərinin ölkəyə girişinə icazə verilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti