Bakı. Trend:
Vaşinqton razılaşmalaları Azərbaycanın son illər ərzində qazandığı hərbi, siyasi və diplomatik zəfərlərin məntiqi nəticəsidir. ABŞ Prezidenti Donal Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında imzalan Birgə Bəyannamə ölkəmizin regionda yaratdığı yeni reallıqların bütün dünya tərəfindən tam qəbul edilməsi, beynəlxalq hüquq və milli maraqlara söykənən müstəqil siyasətimizin təntənəsidir.
Trend xəbər verir ki, Milli Məclis deputatı Kamal Cəfərov parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Vaşinqton razılaşmaları Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı şərtlərinin təkcə Ermənistan deyil, bütün dünya birliyi tərəfindən qəbul edilməsinin göstəricisidir. Bununla da Zəngəzur dəhlizinə qarşı aparılan kampaniya və cəhdlərə də son qoyuldu:
“Vaşinqtonda əldə olunan konsensus həm də Cənubi Qafqazın geosiyasi memarlığının Azərbaycan tərəfindən təqdim edilən yeni, müstəqil və qarşılıqlı maraqlara əsaslana model əsasında qurulması üçün mühüm rol oynayır. Bu tarixi zəfərin memarı Böyük Lider, Prezident İlham Əliyevdir. Onun müdrik liderliyi təkcə son illərin zəfərləri ilə ölçülmür. Bu, iyirmi ildən artıq davam edən dərin strateji fəaliyyətin, Ulu Öndər Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövlətçiliyi xəttinin növbəti, möhtəşəm təntənəsidir”.