...

Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə?

Siyasət Analytics 9 Sentyabr 2025 12:51 (UTC +04:00)
Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə?
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il sentyabrın 8-də Rusiyanın XİN başçısı Sergey Lavrovun MGİMO tələbələri qarşısındakı çıxışı diplomatik dilin geosiyasi dəyişikliklərdən doğan dərin narazılığı ifadə etmək üçün necə istifadə oluna biləcəyinin bariz nümunəsinə çevrildi. O, Azərbaycanla Ermənistan arasında imzalanmış Vaşinqton razılaşmalarını tənqid edərək formal şəkildə tərəflərin müstəqil şəkildə saziş imzalamaq hüququnu tanıdı, amma faktiki olaraq bu sənədlərin yaşarlılığını və əhəmiyyətini şübhə altına aldı. Belə mövqe emosional qiymətləndirmələrdən və qərəzdən azad, obyektiv təhlil tələb edir.

Azərbaycanla Ermənistan arasında sülh prosesi mürəkkəb tarixə malikdir.

Avqustun 8-də imzalanmış saziş 2020–2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan prezidentləri arasında əldə olunmuş razılaşmaların məntiqi davamı idi. Fəqət sonrakı hadisələr göstərdi ki, Moskva bu prosesi sonadək aparmaq istəmədi, yaxud apara bilmədi.

Rusiya ilə ABŞ yanaşmaları arasındakı əsas fərq suverenlik məsələsinə münasibətdə üzə çıxdı. Rusiya Cənubi Qafqazı hər zaman özünün xüsusi maraqlar zonası kimi qəbul edirdisə, ABŞ bərabərhüquqlu tərəfdaşlıq xəttini seçdi. Vaşinqton razılaşmaları yalnız təhlükəsizlik məsələlərini deyil, həm də iqtisadi əməkdaşlığı nəzərdə tutur. Xüsusilə də “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsi Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə Ermənistan ərazisi vasitəsilə birləşdirəcək.

Skeptisizmin anatomiyası əslində Moskvanın regiondakı davranışlarını anlamaq üçün açar rolunu oynayır. Rusiya XİN rəhbəri Sergey Lavrovun “uyğunlaşdırılmamış bəndlər” barədə açıqlaması ilk baxışda texniki çətinlik kimi görünə bilər, amma faktiki olaraq bu, diplomatik ritorika vasitəsilə daha dərin siyasi motivlərin üstünü örtmək cəhdidir.

Əgər Vaşinqton bəyannaməsinin açıq mənbələrdə dərc olunmuş mətni diqqətlə oxunarsa, sənədin məhz yüksək peşəkarlıqla hazırlanmış olduğu görünür. Orada beynəlxalq hüquq normalarına uyğun olaraq əsas prinsiplər sadalanır: tərəflərin qarşılıqlı ərazi iddialarından imtinası, kommunikasiya xətlərinin açılması, beynəlxalq nəzarət mexanizmlərinin tətbiqi və nəhayət, ATƏT-in Minsk qrupunun hüquqi olaraq bağlanması. Bütün bunlar göstərir ki, “uyğunlaşdırılmamışlıq” arqumenti daha çox ritorik xarakter daşıyır və Moskvanın regiondakı vasitəçi rolunu itirməsinin pərdələnməsi məqsədinə xidmət edir.

Moskva üçün əsas problem geosiyasi inhisarın dağılmasıdır. İllərlə Cənubi Qafqazda “əsas moderator” statusunda çıxış edən Rusiya indi Qərbin, xüsusən də ABŞ-ın təşəbbüsləri fonunda ikinci plana keçmək təhlükəsi ilə üz-üzədir. Vaşinqton bəyannaməsi yalnız diplomatik çərçivə deyil, həm də iqtisadi maraqların yenidən bölüşdürülməsini ehtiva edir. Məsələn, TRIPP layihəsi həyata keçdikdə, ənənəvi olaraq Rusiyanın nəzarətində olan nəqliyyat marşrutlarına ciddi alternativ formalaşacaq. Bu, təkcə tranzit gəlirlərinə zərbə vurmayacaq, həm də Moskvanın Cənubi Qafqaz üzərindəki iqtisadi təsir mexanizmini zəiflədəcək.

Ermənistan konteksti isə bu prosesdə ayrıca diqqət tələb edir. Burada sülhün qəbul edilməsi və ya rədd olunması birbaşa ictimai rəyin dəyişməsindən asılıdır.

"GALLUP International Association"n Ermənistan üzrə ofisinin keçirdiyi sorğuların nəticələri maraqlıdır: əgər 2024-cü ildə əhalinin 80,3 faizi Azərbaycanın tələbi ilə Konstitusiyaya dəyişiklik edilməsinin əleyhinə idisə, bu göstərici 2025-ci ildə 58 faizə enib. Bu, yalnız statistika deyil, həm də cəmiyyətin real transformasiyasını göstərir.

Baş nazir Nikol Paşinyan ictimai şüuru dəyişmək üçün ardıcıl addımlar atır və illərlə kök salmış “Qarabağ Ermənistana məxsusdur” mifini dağıtmağa çalışır. Bu, həm Ermənistan daxilində, həm də onun xarici dayaqları üçün ciddi sınaqdır.

Ermənistanın siyasi elitası isə parçalanmış vəziyyətdədir. Keçmiş prezidentlər Serj Sarqsyan və Robert Köçaryan, eləcə də sabiq XİN rəhbəri Vardan Oskanyan revanşist ritorikadan istifadə edərək Paşinyanı tənqid edirlər. Moskva da məhz bu daxili parçalanmadan yararlanmağa çalışır. Çünki “Qarabağ klanı” ilə ənənəvi yaxınlıq Rusiyaya həm ideoloji, həm də siyasi dayaq rolunu oynayıb. İndi bu klanın zəifləməsi Moskvanın Ermənistandakı təsirini sarsıdır və nəticədə Kreml Vaşinqtonun təşəbbüslərinə qarşı daha aqressiv ritorika ilə çıxış edir.

Deməli, Lavrovun “uyğunlaşdırılmamış bəndlər” iddiası sadəcə diplomatik manipulyasiyadır. Əslində Moskvanı narahat edən amillər çoxşaxəlidir: geosiyasi monopoliyanın itirilməsi, iqtisadi marşrutların dəyişməsi, Ermənistandakı müttəfiq elitanın zəifləməsi və ən başlıcası, Cənubi Qafqazın Rusiya üçün “idarə olunan böhran zonası” statusundan çıxaraq Qərbin təsirinə daxil olması. Bu səbəbdən skeptisizm yalnız bəyanatlarda deyil, həm də Moskvanın bütün strateji davranışında özünü göstərir.

Erməni diasporunun rolu və informasiya müharibəsi mövzusunda mənzərə bir neçə paralel xətt üzrə formalaşır: pul, lobbi, media və küçə aksiyası.

Qərbdə kök atmış erməni diasporu Vaşinqton xəttini gözdən salmaq üçün bu dörd aləti sistemli şəkildə birləşdirir: Konqresdə "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin bərpası və onun üzərindən təzyiq mexanizmləri, Paris və Brüsseldə sanksiya çağırışlarını qızışdıran qərar layihələri, analitik institutlar və mass-media vasitəsilə narrativin çərçivələnməsi, bəzən də səfirlik və icma mərkəzlərini hədəfləyən sərt aksiyalar. Bu, Cənubi Qafqaz gündəminin Qərb platformalarında emosional–ideoloji paketdə satılmasına hesablanmış klassik informasiya–psixoloji əməliyyatdır.

Erməni diaspor şəbəkələri radikal əhval-ruhiyyəni qızışdırır, lakin münaqişə riski doğuran xəttin real nəticələrinə özləri cavab vermirlər; məqsəd siyasi qiyməti mümkün qədər Bakının üzərində saxlamaqdır. Bu mühitdə məlumatın dili fakt deyil, təzyiqdir.

ABŞ xəttində əsas təzyiq vektoru ANCA və ona bağlı təşəbbüslərdir: Konqresdə Azərbaycana hərbi-siyasi yardımın məhdudlaşdırılması, 907-ci düzəlişin ləğvinə mane olmaq üçün mexanizmlərinişə salınması çoxsaylı məktublar və aktlar dövriyyəyə buraxılıb. Məsələn, “Armenian Protection Act” layihəsi təqdim olundu, eyni xətt boyunca Barbara Lee və həmfikirləri administrasiyanı yardımı dayandırmağa çağırdılar; ANCA 2024–2025-ci illərdə sanksiya və 907-nin tam tətbiqi kampaniyalarını ardıcıl şəkildə genişləndirdi. Lakin 2025-ci il avqustun 15-də Federal Reyestrdə dərc edilmiş Prezident memorandumu 907 üzrə güzəştin uzadıldığını göstərdi - bu isə diaspor təzyiqinin ABŞ icra hakimiyyətinin real siyasətini hər dəfə müəyyən etmədiyini faktoloji göstərir.

Avropada ermənilərin əsas meydanı Fransadır. 2024-cü il yanvarın 17-də Fransa Senatı 336–1 səslə məhz Bakıya qarşı sanksiya çağırışları daxil olan sərt qətnamə qəbul etdi; bu sənəd rəsmi Légifrance və Senatın səsvermə protokolunda təsbit olunub. Eyni xətt 2025-ci ildə Milli Assambleyada da davam etdi: İrəvanla həmrəylik, “ingiransiya” arqumenti və Baku Initiative Group-la bağlı siyasi diskurs Parisin daxili gündəminə daşındı. Bu aktivizm fonunda küçə səviyyəli sərt aksiyalar da müşahidə olundu - Parisdə Azərbaycan səfirliyinə hücumlar barədə Fransa tərəfindən nota alan xəbərlər yayıldı. Bu blok parçaları diasporanın Fransada media–parlament–küçə üçbucağını necə işlətməsini açıq göstərir.

Brüsseldə xətt Avropa Parlamenti vasitəsilə qurulur: 2023–2024 qətnamələri çərçivəsində Bakının insan haqları üzrə sərt tənqidi, sanksiya çağırışları və “etnik təmizləmə” ritorikası geniş leksikona çevrildi. 2024-cü ilin oktyabrında qəbul edilən mətnlər, eləcə də 2025-ci ilin yaz-yay aylarında səsləndirilən çağırışlar kampaniya məntiqinin Avropa siyasi gündəminə sistemli daşınmasını təsdiqləyir. Bu, diaspor təsirinin “normativ Avropa” diskursuna bağlanmasıdır: hüquqi–etik söz bazası üzərindən informasiya məkanında Bakıya qarşı reputasion üstünlük qazanmaq.

Narrativin çərçivələnməsi təkcə lobbi və qətnamələr vasitəsilə getmir; Fransadakı institutlar və analitik platformalar da diskursu formalaşdırır. 2024–2025-ci illərdə dərc olunan çoxsaylı materiallarda “Azərbaycanın Fransaya qarşı informasiya müharibəsi” kimi başlıqlar dolaşdı; bu mətnlərdə Paris–İrəvan yaxınlaşması legitimləşdirilir, Bakı isə reputasion geriləməyə çəkilir. Bu xətt diaspor şəbəkələri üçün “ikinci cəbhə”dir: siyasəti məhz medianın dilində təsvir edib qərarvericilərə normativ təzyiq yaratmaq. Eyni zamanda, Fransa tərəfindən İrəvana silah satışı ilə bağlı rəsmi açıqlamalar və bunun Bakı–Paris xəttində gərginliyə səbəb olması informasiya müharibəsinin arxa fonunu təşkil etdi.

Bütün bunların fonunda strateji reallıq nədir?

Birincisi, ATƏT-in Minsk Qrupunun ləğvi qərarı: 2025-ci il sentyabrın 1-də qəbul edilən qərarla Qrup və əlaqədar strukturların ləğvi 1 dekabr 2025-dən gec olmayaraq tamamlanmalıdır. Bu, Qərbdəki diaspor mərkəzlərinin illərlə yapışdığı “köhnə formatın” tarixi bağlanışıdır. Maraqlıdır ki, məhz diasporun aparıcı qurumları bu qərarı qınadılar, amma qərar dəyişmədi - yəni, lobbi səsi böyük olsa da, institusional qərarları hər zaman diktə edə bilmir.

İkincisi, Vaşinqton xəttinin gedişi. 2025-ci il avqustun 8-də ABŞ prezidenti Trampın vasitəçiliyi ilə keçirilən görüşün nəticələri - sülh mətninin paraflanması və liderlərin birgə bəyanatı - Avropa Parlamentində və Brüssel platformalarında alqışlandı. Eyni zamanda, ANCA və ona bağlı media şəbəkələri həmin çərçivəni dərhal tənqid etdi: “artsaxın (Qarabağın) geri dönüşü, əsirlərin dərhal azad edilməsi, təhlükəsizlik zəmanətləri” kimi şərtlər irəli sürüldü. Bu faktiki olaraq diasporanın Vaşinqton sazişlərini gözdən salma kampaniyasının açıq fazası idi. Lakin rəsmi instansiyaların - ABŞ və Aİ-nin - siyasi xətti dəyişməməsi yenə də təsir limitini göstərdi.

Üçüncüsü, küçə və şəbəkə səviyyəsində informasiya əməliyyatları: sosial mediada koordinasiyalı gündəmqurma, “hüquq–mədəni irs” çətirində emosional leksikon, eyni zamanda səfirliklərə, icma məkanlarına yönələn sərt aksiyalarla görüntü yaratmaq. Bu taktika qısa müddətdə səs-küy yaradır, lakin uzunmüddətli institusional nəticə nadir hallarda verir; Fransa Senatı kimi siyasi strukturların qətnamələri olsa da, ATƏT formatının bağlanması və Vaşinqton xəttinin irəliləməsi kimi strateji hadisələr bu səs-küyün üstündən keçir.

Nəhayət, informasiya müharibəsində balanslı cavab. Azərbaycanın üstünlüyü odur ki, faktiki vəziyyət Bakının tərəfindədir: ərazi bütövlüyü bərpa olunub, sərhədin demarkasiyası üzrə addımlar davam edir, Qərb platformalarında sülh mətni üzərində real işləmə gedir. Bu reallığı qorumağın yolu emosional ritorika ilə yox, diaqnostik kommunikasiya, hüquqi–siyasi arqumentasiya və çevik diplomatiyadır.

Bunun üçün diasporada informasiya mərkəzlərinin peşəkarlaşdırılması, Qərb mediasında dayanıqlı ekspert şəbəkəsinin qurulması, faktqraundlu materialların (mənbəli, sənədləşdirilmiş) ingilis və fransız dillərində ardıcıl istehsalı vacibdir. Eyni zamanda, ABŞ xəttində 907 üzrə hüquqi–texniki mübahisələri faktoloji əsaslandırma ilə izləmək, Aİ platformalarında isə Brüsselin sülh gündəminə dəstək verən rəqəmsal diplomatiyanı sistemli etmək gərəkdir.

Diasporanın yüksək səsli kampaniyaları institusional qərarları hər dəfə müəyyən etmir; həlledici olan fakt, hüquq və diplomatik mexanizmlərin ardıcıllığıdır.

Vaşinqtonda 8 avqust 2025-ci ildə imzalanmış Bəyannamə Cənubi Qafqazda qüvvələr balansını faktiki olaraq yenidən kurguladı. ABŞ prezidenti Trampın himayəsi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflandı, ATƏT-in Minsk Qrupunun ləğvi üçün birgə müraciət edildi və ən əsası, Naxçıvanla Azərbaycanın əsas hissəsini Ermənistan ərazisi üzərindən birləşdirəcək TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsi üzrə çərçivə razılaşdırıldı. Bəyannamədə açıq şəkildə bildirildi ki, bu əlaqə Ermənistanın suverenliyi və yurisdiksiyası əsasında təmin olunacaq; Ermənistan ABŞ və seçilmiş tərəfdaşlarla TRIPP-in çərçivəsini hazırlayacaq. Bu fakt Qərbin bölgəyə uzunmüddətli strateji öhdəliyini təsdiqlədi və Rusiya üçün simvolik məğlubiyyətdən daha artıqdı. Moskva artıq vasitəçi mövqeyini itirir, ABŞ isə bölgənin oyun qaydalarını yazan əsas gücə çevrilir.

Lavrovun skeptik bəyanatları da əslində sənədin məzmunundan çox bu geosiyasi dəyişikliklərdən qaynaqlanır. O, Vaşinqton prosesinə “şübhəli PR” damğası vurmağa çalışsa da, əsl narahatlıq 2020–2022-ci illərdə Rusiya vasitəçiliyi ilə qurulmuş parametrlərin indi ABŞ platformasında reallığa çevrilməsidir. Kreml uduzan “bir saziş” deyil, postsovet məkanında uzun illər dayaq olmuş münaqişələr üzərindən təsir mexanizmidir. 2024-cü ilin aprelində sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması və Ağdamdakı Türkiyə-Rusiya monitorinq mərkəzinin bağlanması, Ermənistanın isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurması bu tendensiyanı aydın göstərir. Rusiya faktiki olaraq özünün əsas alətlərindən məhrum olur.

Vaşinqton razılaşmalarının strateji məğzi bir neçə əsas sütuna dayanır. Birincisi, sülhün hüquqi bazası yaradılır: tərəflər suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı tanıyır, Minsk mexanizminin bağlanmasına çağırış edilir. Bu, sonsuz vasitəçilik dövrünü arxada qoyur. İkincisi, TRIPP layihəsi Ermənistan qanunları çərçivəsində, ABŞ-ın uzunmüddətli idarəetmə hüquqları ilə həyata keçiriləcək və təkcə yol və dəmir yolu deyil, enerji və fiber-optik xətlərin də inteqrasiyasını nəzərdə tutur. Bu, Zəngəzur üzərindən Türkiyə–Azərbaycan–Mərkəzi Asiya qovşağını birləşdirəcək. Üçüncüsü, layihə Orta Dəhlizlə sinxronlaşaraq Qərbin bölgədəki logistik üstünlüyünü gücləndirəcək və Rusiya-İran təsirini zəiflədəcək.

Ermənistanın daxili siyasi vəziyyəti isə prosesin ən zəif həlqəsi olaraq qalır. Tavuş–Qazax sahəsində dörd kəndin Azərbaycana qaytarılması və 6,5 km² ərazinin bərpası etimad üçün mühüm addım idi, amma İrəvanda etirazları artırdı. Ermənistan cəmiyyəti konstitusiya düzəlişləri, referendum və seçkilər ərəfəsində parçalanır. Moskva isə revanşist qüvvələrə arxa durmaqla bu zəifliyi dərinləşdirməyə çalışır.

Azərbaycan isə ardıcıl və praqmatik xətt tutur. 2023-cü ilin antiterror əməliyyatından sonra sərhədin mərhələli delimitasiyası ilə praktiki etimad addımları atıldı, sülhməramlıların çıxarılması ilə isə bölgədəki təhlükəsizlik boşluğu yaranmadı, əksinə, məsuliyyət bilavasitə region ölkələrinin üzərinə keçdi. Bakı hərbi qələbəni diplomatik və institusional çərçivəyə çevirərək üstünlüyünü möhkəmləndirdi.

İqtisadi və logistik tərəfdən TRIPP artıq mövcud yüksəliş xəttinə qoşulur. 2024-cü ildə Orta Dəhliz üzrə daşımaların həcmi 4,1 milyon tona çatdı, Bakı–Tbilisi–Qars xəttinin gücü isə beş dəfə artırıldı. Bu, TRIPP-in kağız üzərində qalmayacağını, əksinə mövcud artım trayektoriyasını sürətləndirəcəyini göstərir. Enerji sahəsində də potensial böyükdür: BTC-nin ötürmə gücü və Qazaxıstan neftinin Bakı marşrutu ilə artırılması planları Qafqazı daha da mühüm tranzit qovşağına çevirir.

Risklər də mövcuddur. Ermənistanın daxili müqaviməti referenduma və ratifikasiyaya mane ola bilər. Rusiya və İran informasiya müharibəsi və sərhəd insidentləri ilə sabotaj cəhdlərinə əl ata bilər. TRIPP-in idarəetmə və gömrük protokolları aydın tənzimlənməsə, layihə icra problemləri ilə üzləşə bilər. Buna görə Azərbaycanın əsas vəzifələri TRIPP-in təhlükəsiz və səmərəli icrasına nəzarət, erməni cəmiyyətində konstruktiv qüvvələri stimullaşdırmaq, revanşizm və təxribatların qarşısını almaq və regional təhlükəsizlik arxitekturasını ardıcıl qurmaqdır.

Moskvanın skeptisizmi başadüşüləndir, amma artıq tarixi proseslər geri dönməzdir. Sülhün hüquqi bazası formalaşıb, tranzit coğrafiyası Qərb kapitalı ilə yenilənir, Rusiya isə vasitəçi rolunu itirir. Azərbaycan isə hərbi qələbəni diplomatik uğura çevirməklə Cənubi Qafqazda həlledici aktora çevrilib. İndi əsas məsələ bu kursu texniki dəqiqliklə icra etmək və yeni regional arxitekturanı ardıcıl inşa etməkdir. Cənubi Qafqaz dəyişir və bu dəyişikliklərin mərkəzində Azərbaycan dayanır.

Xəbər lenti

Xəbər lenti