...

Korsikanın Bastiya şəhərində etiraz aksiyası keçirilib

Siyasət Materials 9 Sentyabr 2025 16:31 (UTC +04:00)
Korsikanın Bastiya şəhərində etiraz aksiyası keçirilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin 7 sentyabr tarixində Fransa müstəmləkəsi olan Korsikanın Bastiya şəhərində Forza Novanın (Korsikanın müstəqilliyini dəstəkləyən siyasi partiyalardan biri) çağırışı ilə yüz nəfərdən çox şəxs etiraz aksiyası keçirib.

Bu barədə Trend-ə Bakı Təşəbbüs Qrupundan məlumat verilib.

Bildirilib ki, aksiyanın keçirilməsinə səbəb 19 yaşlı korsikalı gəncin ölkəyə qeyri-qanuni yolla gəlmiş şəxs tərəfindən bıçaq zərbələri nəticəsində xəsarət alması olub.

Gəncin ailə üzvləri də etirazçılarla birlikdə aksiyada iştirak ediblər. Onlar, Françeskunun dostları ilə birlikdə hücuma müqavimət göstərdiyini, lakin ağır yaralandığını bildiriblər. Etirazçılar tərəfindən səsləndirilən bəyanatlarda, “Korsikanın heç vaxt zorakılıq və xaos meydançasına çevrilməyəcəyi” vurğulanıb. Aksiyada nümayiş olunan plakartların üzərində “biz nə qurban, nə də şəhid olacağıq, hər zaman öz torpağımızı qoruyacağıq” şüarları səsləndirilib.

Aksiya iştirakçıları zərərçəkmiş şəxsə və onun ailə üzvlərinə dəstəyini ifadə edərək, hadisənin hüquqi müstəvidə davam etdirəcəklərini diqqətə çatdırıblar. Etirazçılar Fransa tərəfindən təyin olunmuş rəsmiləri tənqid etməklə kifayətlənməyib, onların tədbirdə iştirak etməməsini Fransanın Korsikaya olan ədalətsiz siyasəti kimi qiymətləndiriblər. Bu mövqe, mərkəzi hakimiyyətlə ada əhalisi arasında artan inamsızlığın daha bir göstəricisi kimi qəbul edilib.

Qeyd edək ki, Korsikalıların dərin narazılığının kökündə Fransa hökumətinin adanın demoqrafik tərkibini məqsədli şəkildə dəyişdirməyə yönəlmiş siyasəti dayanır. Bu siyasət çərçivəsində hökumət, Korsikaya qeyri-korsikalı əhalinin məqsədyönlü şəkildə köçürülməsini təşviq edir, bu da adanın yerli mədəni və etnik kimliyinin zəiflədilməsinə xidmət edir. Belə bir yanaşma təkcə Korsikanın tarixi və mədəni özünəməxsusluğuna təhdid yaratmır, həm də yerli əhali ilə yeni gələnlər arasında sosial və siyasi gərginliyi kəskinləşdirir. Bu gərginlik, adada etnik və mədəni ziddiyyətlərin artmasına, eyni zamanda kriminal vəziyyətin nəzərəçarpacaq dərəcədə pisləşməsinə səbəb olur. Fransa hökumətinin bu siyasəti, Korsikalıların öz torpaqlarında azlıq durumuna düşmək qorxusunu gücləndirir və onların öz müqəddəratını təyin etmək hüquqlarına dair tələblərini daha da aktuallaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti