Bakı. Trend:
Nepalın baş naziri Şarma Oli ölkədəki kütləvi iğtişaşlar fonunda istefa verib.
Trend “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Olinin köməkçisi Prakaş Silval açıqlayıb.
Qeyd edək ki, sentyabrın 4-də Nepal rəhbərliyi ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qeydiyyatdan keçməyən sosial şəbəkələrə məhdudiyyətlər tətbiq edib. Sentyabrın 8-də Katmanduda və digər şəhərlərdə minlərlə etirazçının iştirakı ilə hökumətin bu qərarına qarşı aksiya keçirilib. Aksiyada əsas olaraq gənclər iştirak edib. Etirazlar zamanı baş verən qarşıdurmalarda 19 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb. Məhdudiyyətlər sentyabrın 9-da ləğv edilib.
Bununla belə, bu gün paytaxtda parlament binasının önündə hökumətin istefası tələbi ilə yenidən aksiya təşkil edilib. Etirazçılar ölkə Prezidenti Ramçandra Paudelin iqamətgahına basqın edib və yandırıblar.