Bakı. Trend:
Prezident İlham Əliyevin irəli sürdüyü və ardıcıl surətdə müdafiə etdiyi Zəngəzur dəhlizi təşəbbüsünün reallığa çevrilməsi də tarixi əhəmiyyət daşıyır. Bu dəhliz yalnız Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etmir, o həm də Avrasiyanın nəqliyyat xəritəsini dəyişir və daha geniş bir regionda işbirliyi üçün yeni imkanlar yaradır.
Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.
Spiker vurğulayıb ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz dəhlizi kimi layihələr Avrasiyanın enerji xəritəsini dəyişdiyi kimi, Zəngəzur dəhlizi də Avrasiyanın nəqliyyat xəritəsinə önəmli yeniliklər gətirəcək. ABŞ-nin bu məsələdə dəstəyi bəzi ölkələrin Azərbaycana qarşı əsassız hücumlarının və qarayaxma kampaniyasının üzərindən də xətt çəkdi.
Sədrin sözlərinə görə, Prezident Donald Trampın Zəngəzur dəhlizini “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” adlandırması heç də təsadüfi deyil. Bu bir daha Prezident Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin yalnız və yalnız sülhə, əməkdaşlığa və tərəqqiyə xidmət etdiyini bariz şəkildə təsdiq etdi.
“Cənubi Qafqaz regionunda sülhün bərqərar olması baxımından Vaşinqton razılaşmaları həlledici əhəmiyyətə malik oldu. Digər bir mühüm məqam da ondan ibarətdir ki, bu razılaşmalar beynəlxalq ictimaiyyət tərəfindən də dəstəkləndi.
Vaşinqtonda imzalanmış Birgə Bəyannamə sülh sazişinin rəsmi şəkildə imzalanması üçün Azərbaycanın irəli sürdüyü hər iki şərti təsbit etdi. İlk nəticə olaraq, artıq ATƏT-in Minsk Qrupu ləğv olundu.
İnanırıq ki, Vaşinqtonda əldə edilmiş razılaşmalar heç bir kənar müdaxilə olmadan tam şəkildə yerinə yetiriləcək, Ermənistanın Konstitusiyasına müvafiq dəyişikliklər edildikdən sonra iki ölkə arasında rəsmi sülh sazişi imzalanacaq.
Azərbaycanın və Cənubi Qafqazın taleyində dönüş nöqtəsi olan, daha geniş regionda proseslərə istiqamət verən Vaşinqton razılaşmaları uzaqgörən siyasətin çətinlikləri qələbələrə çevirməyə qadir olduğunu parlaq surətdə təsdiq edir. Bu gün xalqımızın arzu və istəkləri reallığa çevrilir, regionumuzda uzunmüddətli sülh, əməkdaşlıq və tərəqqi üçün möhkəm təməl yaradılır. Bütün bunlar isə Prezident İlham Əliyevin sülh diplomatiyasının və müdrik liderliyinin təntənəsidir”, - deyə S.Qafarova fikrini tamamlayıb.