...

Vaşinqtonda sülh sazişinin paraflanması dövlətimizin prosesə yanaşmasındakı prinsipial mövqeyini göstərir – Rizvan Nəbiyev

Cəmiyyət Materials 9 Sentyabr 2025 14:11 (UTC +04:00)
Vaşinqtonda sülh sazişinin paraflanması dövlətimizin prosesə yanaşmasındakı prinsipial mövqeyini göstərir – Rizvan Nəbiyev
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Vaşinqtonda Ermənistanla sülh sazişinin məhz paraflanması dövlətimizin sülh prosesinə yanaşmasındakı prinsipial mövqeyini göstərir.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin məharətli diplomatiyası sayəsində Ermənistan Konstitusiyasına dəyişiklik məsələsinin beynəlliləşdirilməsinə nail olundu:

“İndiyəqədər ikitərəfli danışıqlar predmeti olan bu məsələ Vaşinqton Birgə bəyanatında əks olundu. Bu şərt indiki və gələcək Ermənistan hökumətinin qarşısında diplomatik dilin imkan verdiyi qətiyyətlə, “sazişin imzalanması və ratifikasiyası” üçün “əlavə tədbirlərin görülməsi”nə “ehtiyac/zərurət” kimi qoyuldu”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində Minsk Qrupunun həmsədr dövləti ABŞ, Prezident Tramp səviyyəsində bu qərarın qəbulu üçün ATƏT-ə ünvanlanan çağırışa qoşuldu:

“Cəmi 3 həftə sonra, üç kontinent, Şimali Amerika, Avropa və Asiyadan olan 57 ATƏT üzü dövlət yekdilliklə bu qərarı dəstəklədilər. Başqa sözlə, Azərbaycan əsgərinin 2020-ci il sentyabrın 27-də ön cəbhədə, Füzulidəki səngərdə başladığı prosesi, Müzəffər Ali Baş Komandan, Prezident Əliyev Helsinki və Vyanadakı diplomatik müstəvidə rəsmiləşdirməyə müvəffəq oldu. Nəticədə 1988-ci ildən bəri siyasi leksikona pərçim edilən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” məhz onunla məşğul olmaq mandatı olan ATƏT platformasında de-jure bitdi”.

O xatırladıb ki, Vaşinqton Birgə bəyanatında Prezident İlham Əliyevin Azərbaycanın əsas hissəsi və onun Naxçıvan eksklavı arasında maneəsiz bağlantının təmin edilməsi ilə bağlı prinsipial mövqeyi də əksini tapıb. Bu mənada Vaşinqton Birgə bəyanatını Zəngəzur dəhlizinə dair ilk beynəlxalq sənəd də hesab etmək olar.

Deputat əlavə edib ki, Vaşinqtonda paraflanmış sülh sazişinin birinci maddəsində Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını tanıyır.

“Əsas hüquqi məqam odur ki, bu tanıma keçmiş sovet respublikaları arasındakı inzibati sərhədlərin müstəqil dövlətlərin beynəlxalq sərhədləri kimi qəbul olunması prinsipinə əsaslanır. Bu isə Ermənistan hökumətinin əvvəllər irəli sürdüyü “Dağlıq Qarabağın status” və ərazi iddialarının beynəlxalq hüquqa zidd olduğunu təsdiqləyir. Beləliklə, Qarabağın həm sovet, həm də müstəqillik dövründə Azərbaycanın ərazisi olması faktı Ermənistan tərəfindən beynəlxalq sənədlə rəsmən qəbul edilir. Saziş, eyni zamanda, indiki və gələcək ərazi iddialarından imtinanı ehtiva edir”, - deyə R.Nəbiyev fikrini tamamlayıb.

Xəbər lenti

Xəbər lenti