Bakı. Trend:
Vaşinqtonda paraflanan və 11 avqustda açıqlanan sülh müqaviləsi layihəsində bir cümlə də olsun Qarabağ sözü yoxdur, etnik ermənilərin geri qayıdışına dair tələblər irəli sürülmür, tam əksinə, Qələbəmizin legitimliyi qəbul edilir.
Trend xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, Azərbaycanın qəti mövqeyi ilə ATƏT Minsk qrupunun ləğvi-Birinci Qarabağ müharibəsindən sonra işğalı qoruyan monopolist birliyin varlığına son qoyulması əsl müstəqillik hadisəsidir.
“İmzalanan sənəddə Tramp yolu adlanan Zəngəzur dəhlizinin açılması regionu beynəlmiləl döyüşlərin meydanına, geosiyasi toqquşmalara deyil, hamının qazanacağı tranzit qovşağına çevirəcək. Naxçıvanla maneəsiz, heç bir sərhəd yoxlaması olmadan birləşmək babalarımızın məğlub taleyini dəyişdirmək deməkdir”, - deyə Z.Oruc qeyd edib.