...

Prezident İlham Əliyev regional infrastruktur və təhlükəsizlik məsələlərində ABŞ ilə strateji tərəfdaşlığı gücləndirdi – Kamran Bayramov

Siyasət Materials 9 Sentyabr 2025 12:25 (UTC +04:00)
Prezident İlham Əliyev regional infrastruktur və təhlükəsizlik məsələlərində ABŞ ilə strateji tərəfdaşlığı gücləndirdi – Kamran Bayramov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev qələbədən sonra Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün bərqərar olunması kursunu müəyyənləşdirdi və açıq-aydın göstərdi ki, davamlı sülh yalnız beynəlxalq hüquq normaları, suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında mümkündür.

Trend xəbər verir ki, Milli Məclisin deputatı Kamran Bayramov parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, lakin növbəti beş ildə Azərbaycan yeni geosiyasi reallıqla barışmaq istəməyən bəzi dövlətlərin və qüvvələrin açıq qərəzli münasibəti ilə üzləşdi:

“Rəsmi Bakının müxtəlif danışıqlar formatlarına və çoxsaylı vasitəçilərin iştirakına razılıq verməsinə baxmayaraq, faktiki olaraq heç bir nəticə əldə olunmadı. Brüssel, Kazan, Praqa və digər yerlərdə keçirilən görüşlər də, demək olar ki, nəticəsiz qaldı. Və yalnız Prezident İlham Əliyevin təşəbbüsü ilə danışıqların ikitərəfli formata keçidindən sonra sülh prosesində irəliləyiş göründü. Əbu-Dabidəki görüş də buna sübut oldu”.

Millət vəkili vurğulayıb ki, bu il avqustun 8-də Vaşinqtonda Cənubi Qafqaz üçün dönüş nöqtəsi kimi tarixə düşmüş hadisə baş verdi:

“Vaşinqton razılaşmaları yekun sülh müqaviləsinin imzalanmasına, regionumuzun hərtərəfli inkişafına yol açdı. Azərbaycan üçün bu, qələbənin nəticələrinin təsdiqlənməsi, yeni nəqliyyat yollarının açılması, sərmayə axını və artıq iqtisadi yüksəliş mərkəzinə çevrilən işğaldan azad edilmiş ərazilərin daha da inkişaf etdirilməsi deməkdir. Ermənistan isə uzunsürən təcriddən çıxmaq, beynəlxalq sərmayələri cəlb etmək, hərbi xərcləri azaltmaq, resursları iqtisadiyyatın və sosial sahənin inkişafına yönəltmək imkanını qazandı.

Prezident İlham Əliyev üçün bu taleyüklü sənədlərin Vaşinqtonda imzalanması sadəcə diplomatik qələbə deyil, onun ən çətin danışıqları aparmaq, minimal güzəştlərlə ölkə üçün maksimum fayda əldə etmək, bir neçə aparıcı qlobal güc mərkəzi ilə eyni vaxtda işgüzar əlaqələr qurmaq bacarığının təsdiqi idi. Bir tərəfdən, Prezident İlham Əliyev regional infrastruktur və təhlükəsizlik məsələlərində rəsmi Vaşinqtonun dəstəyini alaraq Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlığı gücləndirdi, digər tərəfdən, bunu regional oyunçularla münasibətləri pozmadan bacardı, halbuki, Vaşinqton razılaşmaları Cənubi Qafqazda həmin qüvvələrin regiona təsirini əhəmiyyətli dərəcədə azaltdı”.

Xəbər lenti

Xəbər lenti