Bakı. Trend:
Oğuz rayonunda qurulan müəssisədə özünüməşğulluq proqramı çərçivəsində avtomobil təmirinə aid sahələr üzrə aktivlər verilmiş şəxslər eyni məkanda fəaliyyət göstərəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi yeni “PeşəCar” layihəsi çərçivəsində ilk klaster müəssisə istifadəyə verilib.
Oğuz rayonunda yaradılan müəssisədə eyni fəaliyyət sahəsi - avtomobil təmiri ilə bağlı əvvəlcədən müəyyən edilmiş istiqamətlər üzrə özünüməşğulluq proqramına cəlb edilməklə müvafiq aktivlərlə təmin olunan şəxslərin eyni məkanda, birgə fəaliyyət göstərməsi üçün yaradılıb.
Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə istifadəyə verilmiş müəssisədə onlar avtoelektrik, avtomobil şinlərinin bərpası və təmiri, avtomobil disklərinin təmiri, avtoçilingər, avtoyağlama və avtotəmizləmə istiqamətləri üzrə xidmətlər göstərəcək.
Rayonun Padar kəndində, magistral yolun kənarında fəaliyyət göstərən müəssisənin açılış tədbirində Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Cavid Əbdul-Qədirov yeni yaradılan müəssisənin rayonda yeni iş yerlərinin yaradılması, məşğulluq imkanlarının artırılması baxımından önəmini vurğulayıb. Belə layihələrin bölgədə xidmət sektorunun inkişafına dəstək verməklə yanaşı, sakinlərin məşğulluğunun təminatına mühüm dəstək olduğunu bildirib.
Sadiq Əliyev “PeşəCar” layihəsi barədə məlumat verib. Qeyd edib ki, layihə özünüməşğulluq proqramının daha səmərəli icrasına, iştirakçıların biznes fəaliyyətlərinin rəqabət qabiliyyətinin artırılmasına və gəlirliliyin yüksəldilməsinə xidmət edir. Məqsəd vətəndaşları aktivlərlə təmin etməklə yanaşı, onların dayanıqlı biznes qurmalarına, gəlirlərini artırmalarına və öz sahələrində peşəkar fəaliyyət göstərmələrinə də dəstək olmaqdır.
Digər çıxış edənlər layihənin işsiz və işaxtaran vətəndaşların məşğulluq imkanlarının genişləndirilməsində əhəmiyyətli rolunu vurğulayıb, müəssisənin fəaliyyətinin səmərəli olacağına əminliklərini ifadə ediblər.
Layihə çərçivəsində müəssisənin fəaliyyət istiqamətləri mərhələli şəkildə genişləndiriləcək. Yaxın zamanda müəssisədə avtorəngsaz, avtodəmirçi, zədələrin boyasız təmiri və avtorazval xidmətlərinin göstərilməsinə də başlanacaq.