Bakı. Trend:
Daxili qoşunların hərbi qulluqçuları tərəfindən nəqliyyat vasitələrinə daxil olma qaydaları müəyyənləşdiriləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, daxili qoşunların hərbi qulluqçuları aşağıdakı hallarda nəqliyyat vasitələrinə daxil ola biləcəklər:
- insanların həyatını xilas etmək zərurəti yarandıqda;
- fövqəladə hallar və kütləvi iğtişaşlar zamanı insanların təhlükəsizliyinin və ictimai qaydanın qorunması vəzifələrini yerinə yetirdikdə;
- cinayət törətmiş və ya cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanıldıqda;
- cinayətlərin qarşısı alındıqda;
- terror təhlükəsi barədə məlumat alındıqda;
- fövqəladə halların nəticələri aradan qaldırıldıqda.
Nəqliyyat vasitəsinə daxil olma faktı ilə əlaqədar daxili qoşunların hərbi qulluqçusu böyük rəisini və yerli polis orqanını dərhal məlumatlandıracaq.
Nəqliyyat vasitəsinə onun sahibinin məlumatı olmadan və ya iradəsi ziddinə daxil olma faktı qanunla müəyyən edilmiş qaydada təxirəsalınmadan protokollaşdırılmalı və müvafiq polis orqanında qeydiyyatdan keçirilməlidir.
Həmçinin, qanun layihəsində daxili qoşunların hərbi qulluqçuları tərəfindən ərazilərə, yaşayış yerlərinə, binalara və digər tikililərə daxil olma qaydaları da müəyyənləşdiriləcək.
Layihəyə əsasən, daxili qoşunların hərbi qulluqçuları aşağıdakı hallarda ərazilərə, yaşayış yerlərinə, binalara və digər tikililərə (diplomatik immunitetə malik olanlardan başqa) daxil ola biləcəklər:
- insanların həyatı xilas edildikdə və əmlakları təhlükədən qorunduqda;
- cinayətlərin qarşısı alındıqda, cinayət törətmiş və ya cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanıldıqda;
- fövqəladə və ya hərbi vəziyyət rejimi zamanı, habelə dini ekstremizm və terror əleyhinə xüsusi əməliyyatlar keçirildikdə.
Ərazilərə, yaşayış yerlərinə, binalara və digər tikililərə daxil olma ilə əlaqədar daxili qoşunların hərbi qulluqçusu böyük rəisini və yerli polis orqanını dərhal məlumatlandırmalıdır.
Ərazilərə, yaşayış yerlərinə, binalara və digər tikililərə daxil olma faktı qanunla müəyyən edilmiş qaydada təxirəsalınmadan protokollaşdırılmalı və müvafiq polis orqanında qeydiyyatdan keçirilməlidir.
Bununla yanaşı, qanun layihəsində daxili qoşunların hərbi qulluqçuları tərəfindən ərazilərin, yaşayış yerlərinin, binaların və digər tikililərin dövrələnməsi qaydaları da müəyyənləşdiriləcək.
Layihəyə əsasən, daxili qoşunların hərbi qulluqçuları əməliyyat rəisinin, bu mümkün olmadıqda hərbi hissə və ya bölmə komandirinin qərarı (əmri) ilə aşağıdakı hallarda əraziləri, yaşayış yerlərini, binaları və digər tikililəri dövrələyə biləcəklər:
- fövqəladə halların, təbii fəlakətlərin və ya texnogen xarakterli qəzaların nəticələrinin aradan qaldırılması vəzifələri yerinə yetirildikdə;
- epidemiya və epizootiya zamanı karantin tədbirləri tətbiq edildikdə;
- kütləvi iğtişaşların və qrup halında ictimai qaydanın pozulmasının qarşısının alınması tədbirləri yerinə yetirildikdə, habelə dövlət orqanlarının (qurumlarının), mühüm əhəmiyyətli obyektlərin fəaliyyətinə və nəqliyyatın hərəkətinə mane olan hallar aradan qaldırıldıqda;
- silahlı təhlükəli şəxs, cinayət törətməkdə şübhəli bilinən, məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran şəxslər axtarıldıqda;
- mühafizə edilən əraziyə qanunsuz daxil olmuş şəxslər müəyyən edildikdə;
- partlayıcı qurğu və maddələr, habelə zəhərləyici və radioaktiv maddələr axtarıldıqda.
Ərazilərin, yaşayış yerlərinin, binaların və digər tikililərin dövrələnməsi zamanı təhlükəsizliyin təmin edilməsi, ictimai qaydanın qorunması və axtarış tədbirlərinin aparılması, həmçinin cinayətin törədildiyi yerin mühafizəsi üçün nəqliyyatın və piyadaların hərəkəti məhdudlaşdırıla biləcək.
Ərazilərin, yaşayış yerlərinin, binaların və digər tikililərin dövrələnməsi ilə əlaqədar daxili qoşunların hərbi qulluqçusu böyük rəisini və yerli polis orqanını dərhal məlumatlandırmalıdır.
Ərazilərin, yaşayış yerlərinin, binaların və digər tikililərin dövrələnməsi qanunla müəyyən edilmiş qaydada təxirəsalınmadan protokollaşdırılmalı və müvafiq polis orqanında qeydiyyatdan keçirilməlidir.