Bakı. Trend:
Daxili qoşunların hərbi qulluqçuları tərəfindən döyüş texnikasının və xüsusi texnikanın tətbiqi şərtləri müəyyənləşdiriləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, daxili qoşunların hərbi qulluqçuları döyüş texnikasını və xüsusi texnikanı aşağıdakı hallarda tətbiq edəcəklər:
- kütləvi iğtişaşların qarşısının alınması zamanı maneələr və keçilməz sədlər aradan qaldırıldıqda;
- girovlar, zəbt edilmiş binalar və digər tikililər, qurğular, ərazilər və nəqliyyat vasitələri azad edildikdə;
- silahlı müqavimət göstərən, insanların həyatına və sağlamlığına təhlükə yaradan qrup halında və ya silahlı basqın edən şəxslər zərərsizləşdirildikdə (digər üsullarla mümkün olmadıqda);
- fövqəladə və ya hərbi vəziyyət rejimi şəraitində yaşayış məntəqəsinə giriş-çıxış postlarında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının və ya hərbi qulluqçusunun nəqliyyat vasitəsini dayandırmaq tələbinə tabe olmayan nəqliyyat vasitəsi saxlanıldıqda xəbərdarlıq etdikdən sonra odlu silah tətbiq etməklə nəqliyyat vasitəsini dayandırmaq mümkün olmadıqda;
- nəqliyyat vasitələrindən istifadə etməklə törədilən basqın dəf edildikdə;
- qanunsuz silahlı birləşmələrdə, terror təşkilatlarında və terror qruplarında, habelə silahlı müqavimət göstərən və ya basqın edən şəxsdə olan silah, döyüş sursatı, partlayıcı maddə, döyüş texnikası və xüsusi texnikanı təhvil vermək tələbi yerinə yetirilmədikdə;
- fövqəladə hallar və kütləvi iğtişaşlar zamanı insanların həyatı xilas edildikdə və əmlakları təhlükədən qorunduqda.
Döyüş texnikasının və xüsusi texnikanın tətbiqi aşağıdakı hallarda qadağan ediləcək:
- kənar şəxslərin zərər çəkə biləcəyi hallarda;
- alışma, partlama təhlükəsi olan zəhərləyici və radioaktiv maddələrin hazırlandığı yerlər, saxlandığı anbarlar (saxlanc yerləri) və belə maddələri daşıyan nəqliyyat vasitələri istiqamətində;
- girovlar saxlanılan yerlərdə maneələri dağıtmaq məqsədilə (əgər saxlanılan şəxslərin həyat və sağlamlığına zərər vurulma ehtimalı vardırsa).