Bakı. Trend:
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) özəl sektorun inkişafı və iqtisadi dayanıqlılığa dair ortaq öhdəliyə əsaslanan Azərbaycan ilə güclü tərəfdaşlığını yüksək qiymətləndirir.
Bu barədə Trend-ə özəl müsahibəsində IFC-nin Avropa departamentinin direktoru İnes Roça bildirib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatını şaxələndirməyə və neft-qaz sektorundan asılılığını azaltmağa çalışdığı bir vaxtda özəl sektor dayanıqlı inkişafın təmin edilməsində, iş yerlərinin yaradılmasında və rəqabət qabiliyyətinin artırılmasında əsas rol oynayır. Dünya Bankı Qrupunun Azərbaycanla tərəfdaşlıq strategiyası çərçivəsində IFC daha rəqabətədavamlı, inklüziv və ekoloji cəhətdən dayanıqlı iqtisadiyyatın yaradılmasına kömək etməyə yönəlib. IFC infrastruktur, enerjiyə çıxış və davamlılıq kimi prioritet sahələrə özəl investisiyaları dəstəkləyir. Yaşıl maliyyəyə, qadın sahibkarlara dəstək, kənd təsərrüfatı, su ehtiyatları, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində özəl sektorun iştirakının artırılmasına xüsusi diqqət yetirilir.
"Yaxın perspektivdə IFC kənd təsərrüfatı, su təhlükəsizliyi və davamlı tikintiyə üstünlük verir. Kənd təsərrüfatında biz kiçik fermerlərə dövriyyə kapitalına daxil olmaq və qlobal təchizat zəncirlərinə inteqrasiya etmək üçün məhsul və anbar qəbzləri kimi innovativ maliyyə alətlərini təşviq edirik.
Su təsərrüfatı sahəsində biz su qıtlığı problemini həll etməyi, o cümlədən duzsuzlaşdırma və çirkab suların təmizlənməsi layihələrinin maliyyələşdirilməsini əhatə edən davamlı su ehtiyatlarının idarə olunması strategiyalarını dəstəkləməklə planlaşdırırıq. Tikinti sahəsində isə IFC “yaşıl” inşaatın inkişafına töhfə verir. Buna misal olaraq IFC tərəfindən hazırlanmış innovativ yaşıl tikinti sistemi olan EDGE sertifikatlaşdırma tədbirlərinin həyata keçirilməsi ilə əhəmiyyətli enerji qənaətinə və su sərfiyyatının azaldılmasına nail olmuş AlatBay logistika mərkəzini göstərmək olar. Biz həmçinin davamlılığı və əlaqəni yaxşılaşdırmaq üçün nəqliyyat, logistika və elektrik mobillik imkanlarına baxırıq", - deyə IFC-nin departament direktoru bildirib.
Azərbaycanın yaşıl enerjiyə keçidi əsas prioritet olaraq qalır
Onun sözlərinə görə, Azərbaycanın “yaşıl” enerjiyə keçidi əsas prioritetdir və IFC ölkədə bərpa olunan enerji sektorunun inkişafına dəstək verməyə hazırdır. Bu sahədə potensial əhəmiyyətlidir - günəş enerjisinin texniki potensialı 23 QVt, dəniz külək enerjisi isə 157 QVt səviyyəsində qiymətləndirilir. Regional enerji nəqli infrastrukturunun inkişafı Azərbaycana öz resurslarından istifadə etməyə və yaşıl enerjinin qlobal ixracatçısı kimi mövqeyini möhkəmləndirməyə kömək edəcək.
"Bərpa olunan enerjiyə keçidin 2060-cı ilə qədər 44 milyard dollar investisiya tələb edəcəyi təxmin edilir (Dünya Bankının İqlim və İnkişaf Hesabatına əsasən). Sektor ehtiyaclarını maliyyə imkanları ilə uyğunlaşdırmaq üçün IFC investisiya və məsləhət xidmətləri təklif edir. Məsələn, ötən il IFC Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika-ya 20 milyon dollar milli valyutada maliyyə ayırıb. Vəsaitin yarısı KOB-lar və aztəminatlı ailələr tərəfindən həyata keçirilən layihələrə yönəldilib", - deyə o qeyd edib.
Onun sözlərinə görə, Bakıda COP29-un verdiyi töhfəyə əsaslanaraq, IFC Azərbaycanın bu sahədə planlarını və prioritetlərini dəstəkləməyə sadiq qalır. Məsələn, ümumi enerji istehlakının 22,6 faizini təşkil edən nəqliyyat sektoru dekarbonizasiya üçün mühüm imkanlar təqdim edir. IFC elektrikli nəqliyyat vasitələri üçün vergi güzəştləri və avtobus parkının davam edən modernləşdirilməsi kimi hökumət təşəbbüslərini alqışlayır.
"Hökumət lazımi tənzimləyici, siyasət və institusional çərçivələri inkişaf etdirdikcə, IFC dəyər zənciri boyunca özəl sektor həllərinin açılmasına kömək edə bilər və Azərbaycanın məqsədlərinə uyğun gələn davamlı investisiyaları asanlaşdıra bilər. Birgə işləməklə, biz ölkənin aşağı karbonlu iqtisadiyyata keçidinə kömək edə, eyni zamanda iqtisadi artımı stimullaşdıra və dayanıqlılığı artıra bilərik", - deyə o bildirib.
Maliyyələşdirmə, rəqəmsallaşma və dövlət-özəl tərəfdaşlığı vasitəsi ilə davamlı artım
"IFC kiçik və orta müəssisələrin (KOB) maliyyəyə çıxışının yaxşılaşdırılmasına böyük əhəmiyyət verir, onların iqtisadiyyatdakı mühüm rolunu dərk edir. Biz kiçik biznesi maliyyələşdirmək üçün Bank Respublika kimi yerli banklarla əməkdaşlıq edirik. Gələcəkdə biz bu sahəni mövcud və yeni tərəfdaşlarla genişləndirməyi planlaşdırırıq.
İnvestisiyalardan əlavə, IFC davamlı maliyyə və korporativ idarəetmə təcrübələrinin inkişafına yönəlmiş məsləhət xidmətləri göstərir. Biz həmçinin daşınar aktivlərin (inventar, avadanlıq və s.) girov kimi istifadəsinə imkan verən aktivlərə əsaslanan maliyyələşdirməni təşviq edirik. Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə biz KOB-ların maliyyəyə çıxışını genişləndirəcək milli aktivlə təminatlı kreditləşdirmə aləti işləyib hazırlayırıq", - deyə o bildirib.
Departament direktoru qeyd edib ki, IFC Azərbaycanın rəqəmsal bankçılığın inkişafı və maliyyə xidmətlərinin genişləndirilməsi, xüsusən də kənd və ucqar ərazilər üçün səylərini dəstəkləyir. Beynəlxalq Maliyyə Korporasiyası Mərkəzi Bank tərəfindən nəzarət edilən mühitdə innovativ rəqəmsal məhsulların sınaqdan keçirilməsinə imkan verəcək tənzimləyici “qum qutusu”nun işə salınmasını alqışlayır.
O bildirib ki, özəl sektor səviyyəsində IFC qabaqcıl texnologiyalar və təcrübələri tətbiq etməklə bankların rəqəmsal transformasiyası üçün məsləhətlər verir. Bu, sektorun modernləşdirilməsinə töhfə verir və rəqəmsal iqtisadiyyatda əhalinin və biznesin maliyyə alətlərinə çıxışını genişləndirir.
"Azərbaycanın Orta Dəhlizdə strateji yerləşməsini nəzərə alaraq, yük dövriyyəsini artırmaq üçün Bakı Dəniz Limanının genişləndirilməsi planları regional ticarətin gücləndirilməsi üçün mühüm imkanlar yaradır.
Özəl sektorun cəlb edilməsi bu cür layihələrin səmərəliliyini və davamlılığını əhəmiyyətli dərəcədə artıra bilər. Aydın dövlət-özəl tərəfdaşlıq modelləri hökumət nəzarəti və özəl təşəbbüs arasında balans təmin etməklə belə iştiraka kömək edir. IFC Azərbaycan limanlarının milli prioritetlərə uyğun inkişafına kömək edəcək dövlət-özəl tərədaşlıq layihələri üçün investisiya və məsləhət dəstəyinin göstərilməsi sahəsində geniş beynəlxalq təcrübəyə malikdir", - deyə o qeyd edib.
IFC Azərbaycanda dəmir yol modernləşdirilməsini və logistikasını dəstəkləyir
İ.Roçanın sözlərinə görə, IFC Cənubi Qafqazdan keçən Avropa və Asiya arasında əsas marşrut olan Orta Dəhlizdə Azərbaycanın strateji əhəmiyyətini tanıyır. Artan yükdaşımaları kontekstində Azərbaycanın dəmir yolu infrastrukturunun modernləşdirilməsi üzrə səyləri böyük əhəmiyyət kəsb edir.
"Biz bu prosesləri dəstəkləməyə, xüsusən də daşımaların etibarlılığını və səmərəliliyini artıracaq yükdaşıyıcıların hərəkət heyətinin yenilənməsinə sərmayə qoymağa hazırıq. Bu, Azərbaycana regional nəqliyyat qovşağı kimi mövqeyini möhkəmləndirməyə və dayanıqlı infrastrukturun inkişafını sürətləndirməyə kömək edəcək.
Biz Azərbaycanın Orta Dəhliz boyunca logistika qovşaqlarının, multimodal terminalların və rəqəmsal həllərin inkişaf etdirilməsi səylərində böyük potensial görürük. Bu layihələr regional nəqliyyat və logistika qovşağı kimi ölkənin səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq üçün çox vacibdir. IFC davamlı və müasir logistika infrastrukturunu uğurla həyata keçirmək üçün özəl sektor investisiyalarını və təcrübələrini səfərbər etməklə bu cür təşəbbüsləri dəstəkləməyə hazırdır", - deyə departament direktoru bildirib.