Bakı. Trend:
“Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun layihəsinin hazırlanmasını vacib hesab edirəm və sənədin parlamentin plenar iclasına tövsiyə olunmasına səs verəcəyəm.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, daxili qoşunlar ictimai asayişin təmin olunmasında, dövlətçiliyin və vətəndaşlarımızın təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır:
“Bu səbəbdən onların fəaliyyətinin hüquqi əsaslarının dəqiq müəyyənləşdirilməsi zəruridir. Qanun həm daxili qoşunların statusunu, hüquq və vəzifələrini, həm də onların səlahiyyət dairəsini aydın şəkildə tənzimləyəcək. Bu qanun layihəsi hüquq-mühafizə sistemimizin daha da təkmilləşməsinə, dövlət təhlükəsizliyinin möhkəmlənməsinə və ictimai asayişin etibarlı şəkildə qorunmasına xidmət edəcək”.