Bakı. Trend:
Səfər çərçivəsində aparılmış danışıqlar, əldə olunmuş razılaşmalar və imzalanmış sənədlər fonunda əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyətə malikdir. Vaşinqton razılaşmaları yalnız Azərbaycan-ABŞ arasında ikitərəfli münasibətləri, Azərbaycan-Ermənistan sülh gündəliyi baxımından mühüm məqamları ilə deyil, həm də Cənubi Qafqazda və daha geniş regionda proseslərə ciddi şəkildə təsir göstərən tərəfləri ilə yadda qaldı.
Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.
Spiker vurğulayıb ki, Prezident İlham Əliyevin ABŞ-yə tarixi səfəri zamanı əldə edilmiş razılaşmalar Ümummilli Lider Heydər Əliyevin milli maraqlara əsaslanan siyasi kursunun davam etdirilməsi yolunda qazanılmış ən böyük uğurlardan biridir.
“Bu hadisənin Konstitusiya və Suverenlik ilində baş verməsi isə dərin rəmzi məna daşıyır. Ulu Öndərin dövlətçilik irsi və yaratdığı dəyərlər onun layiqli davamçısı olan Prezident İlham Əliyevin fəaliyyəti ilə qorunub saxlanılır və daha da zənginləşdirilir”.
Sədr bildirib ki, bu səfər Azərbaycanla ABŞ arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə xarakterizə olundu.
“Əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi əzmi, həmçinin Prezident Donald Trampın 907 saylı düzəlişin icrasını dayandıran sənədi imzalamasında öz ifadəsini tapdı. Burada Prezident Donald Trampın Cənubi Qafqaz reallıqlarını obyektiv qiymətləndirən, sülhə və əməkdaşlığa əsaslanan mövqeyi də əhəmiyyətli rol oynadı.
Vaşinqton razılaşmaları Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra qətiyyətlə reallaşdırdığı sülh diplomatiyasının məntiqi sonluğa çatması baxımından da əlamətdar bir hadisə oldu. Ölkəmizə qarşı müxtəlif iftira və təzyiqlərlə sülh danışıqlarına müdaxilə etmək, öz məkrli planlarını icra etmək istəyənlərin siyasi-diplomatik təxribatları isə böyük məharətlə dəf edildi”, - deyə S.Qafarova qeyd edib.