Bakı. Trend:
Orta Dəhliz dənizə birbaşa çıxış olmayan ölkələr üçün həyati əhəmiyyət kəsb edir.
Trend xəbər verir ki, bunu Amerika Ticarət Palatasının Qazaxıstandakı icraçı direktoru Ceff Erlix Amerika biznes nümayəndə heyətinin Bakı səfərinin yekunlarına dair keçirilmiş brifinqdə bildirib.
“Əlbəttə, biz burada, Azərbaycanda həmkarlarımızla nahardan təzəcə qayıtmışıq. Amerikan-Azərbaycan Ticarət Palatasına bu təşəbbüs üçün təşəkkür edirəm. Natiq, bildiyiniz kimi, çox təvazökar insandır, amma bu ideya ona illər öncə məxsus idi və biz yalnız indi onu gerçəkləşdirə bildik.
Beləliklə, mən burada 107 şirkəti, əsasən, beynəlxalq amerikalı şirkətləri təmsil edirəm. Mərkəzi Asiyada biznes icması üçün, əlbəttə ki, xam maddələr və sənaye məhsulları üçün davamlı ixrac marşrutlarının mövcudluğu son dərəcə vacibdir. Çünki Qazaxıstan sənaye məhsullarının, neft-kimya sənayesinin inkişafına çalışır, yəni yalnız xam neft yox, həm də neft-kimya məhsulları. Şaxələnmiş nəqliyyat marşrutlarının olması son dərəcə vacibdir”, - deyə o bildirib.
Erlix Qazaxıstan və Azərbaycanın dənizə çıxışı olmayan ölkələr olduğunu qeyd edib.
“Bəli, onların Xəzər dənizinə çıxışı var, amma hələ də dənizə çıxışı olmayan ölkələr hesab olunurlar. Buna görə də bu marşrutun açılması və gücləndirilməsi son dərəcə vacibdir. Dənizə çıxışı olmayan və malların ixracı və idxalından asılı olan ölkələr üçün nəqliyyat infrastrukturu firavanlığın açarıdır. Onun olmaması irəliləyişi məhdudlaşdırır; onunla isə gələcək ümidverici görünür”, - deyə o əlavə edib.