Bakı. Trend:
Daxili qoşunların hərbi qulluqçuları tərəfindən fiziki qüvvənin tətbiqi şərtləri müəyyənləşdiriləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, cinayətlərin və digər hüquqpozmaların qarşısını almaq, belə əməlləri törətmiş şəxsləri saxlamaq məqsədilə xidməti vəzifələri yerinə yetirən daxili qoşunların hərbi qulluqçularının qanuni tələblərinə əməl edilmədikdə, onların fiziki qüvvə, o cümlədən idman (döyüş) fəndlərini tətbiq etmək hüququ olacaq.
Həmçinin, daxili qoşunların hərbi qulluqçularının aşağıdakı hallarda xüsusi vasitələri tətbiq etmək hüququ olacaq:
- insan həyatına və sağlamlığına real təhlükə yaradan əməllər və ya mülkiyyət əleyhinə cinayət törədildikdə;
- qiyam və ya kütləvi iğtişaşlar baş verdikdə;
- girov saxlanılan şəxs (şəxslər) və ya zəbt olunmuş binalar və digər tikililər, qurğular, ərazilər və nəqliyyat vasitələri azad edildikdə;
- yaşayış yerlərinə, dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların binalarına, anbarlara (saxlanc yerlərinə) qrup halında basqın dəf edildikdə;
- inzibati xəta və ya cinayət törətmiş və ya törətməkdə şübhəli bilinən şəxs (şəxslər) saxlanılarkən müqavimət göstərdikdə, müqavimət göstərə biləcəyinə və qaçmaq ehtimalına kifayət qədər əsas olduqda, habelə bu şəxsin (şəxslərin) azad edilməsi üçün kənar şəxslər tərəfindən güc işlədildikdə;
- şəxsin təhlükəli hərəkətləri ilə özünə və ya ətrafdakılara zərər yetirə biləcəyi ehtimalı olduqda;
- insanlar tərəfindən nəqliyyatın hərəkəti qrup halında dayandırıldıqda və ya məhdudlaşdırıldıqda;
- sürücü öz hərəkətləri ilə insanların həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsini dayandırmaq tələbinə tabe olmadıqda və onun saxlanılması üçün başqa imkan olmadıqda;
- sərbəst toplaşmaq azadlığı haqqında qanunvericiliyin tələbləri pozulmaqla keçirilən toplantılar dağıdıldıqda;
- hərbi şəhərciklərə, hərbi eşelonlara, bölmə və qoşun naryadlarına, mühafizə olunan obyektlərə basqın dəf edildikdə və ya həmin obyektlərə qanunsuz daxil olan şəxs yaxalanarkən qaçmağa cəhd göstərdikdə.
Xüsusi vasitələrin növü və tətbiqinin intensivliyi yaranmış vəziyyət, hüquq pozuntusunun xarakteri və onu törədən şəxsin şəxsiyyəti, habelə xüsusi vasitələrin taktiki-texniki xüsusiyyətləri nəzərə alınmaqla müəyyənləşdiriləcək.
Odlu silah xəbərdarlıq edilmədən tətbiq edildiyi hallarda xüsusi vasitələrin bütün növləri tətbiq edilə biləcək.
Hərbi hissə komandiri xüsusi vasitələrin tətbiqi anından 24 saat müddətində müvafiq prokurora məlumat verməlidir.
Bununla yanaşı, xüsusi vasitələrin tətbiqi aşağıdakı hallarda qadağan ediləcək:
- xüsusi təyinatlı gözyaşardıcı qaz qumbaraları (patronları) ilə şəxsə sərrast atəş açmaq;
- suvuran maşınları havanın hərarəti mənfi olduqda tətbiq etmək;
- məcburi dayandırma vasitələri ilə sərnişindaşıyan (sərnişin daşındıqda) və xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının avtonəqliyyat vasitələrini, habelə motosikletləri və mopedləri dayandırmaq, habelə onları məhdud görünmə şəraitində, dağ yollarında, dəmiryol keçidlərində, yol ayrıcılarında, tunellərdə, körpü və estakadalarda tətbiq etmək;
- qadınlara, azyaşlı uşaqlara, yanında azyaşlı uşaq olan, əlilliyi və digər fiziki və ya psixi pozuntuları aşkar bilinən şəxslərə qarşı (odlu silah işlətməklə basqın edildiyi və ya silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla);
- alışma, partlama təhlükəsi olan zəhərləyici və radioaktiv maddələrin hazırlandığı yerlər, saxlandığı anbarlar (saxlanc yerləri) və belə maddələri daşıyan nəqliyyat vasitələri istiqamətində;
- xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının yerləşdiyi ərazilərdə və binalarda (həmin dövlətlərin səlahiyyətli nümayəndələrindən müvafiq qaydada müraciətin daxil olması halları istisna olmaqla).