...

Azərbaycanda daxili qoşunlarla bağlı yeni qanun qəbul ediləcək

Cəmiyyət Materials 9 Sentyabr 2025 15:00 (UTC +04:00)
Azərbaycanda daxili qoşunlarla bağlı yeni qanun qəbul ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikasının daxili qoşunları haqqında” Qanun Azərbaycanın konstitusiya quruluşu, suverenliyi, habelə ictimai qayda və ictimai təhlükəsizliyin qorunması sahəsində Azərbaycan daxili qoşunlarının (bundan sonra – daxili qoşunlar) fəaliyyəti, hüquq və vəzifələri, həmçinin daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edəcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edəcək:

  • daxili qoşunlar – Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla, bu qanunda nəzərdə tutulan fəaliyyət istiqamətlərini həyata keçirən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vahid sisteminə daxil olan silahlı birləşmə;
  • döyüş texnikası – silah kompleksi və onun daşıyıcısından ibarət olan hərbi texnika;
  • fəal mühafizə vasitələri – hücum, müqavimət, tabe olmama hallarının qarşısını almaq məqsədilə tətbiq edilən psixofizioloji təsir vasitələri (xüsusi silahlar, rezin dəyənəklər, əl-qolu bağlama vasitələri, işıq-səs və elektroşok cihazları, xüsusi təyinatlı gözyaşardıcı qaz, tüstü, xidməti itlər və atlar);
  • fərdi qoruyucu mühafizə vasitələri – şəxsi heyəti xidməti vəzifələrinin icrası zamanı onlara qarşı edilən qəsdlərdən qoruyan vasitələr (qoruyucu dəbilqələr, canqoruyucular, güllə və zərbəyə qarşı qalxanlar, əleyhqazlar);
  • fiziki qüvvə – insan əzələlərinin gərilməsi nəticəsində yaranan güc vasitəsilə mexaniki təsir göstərmək qabiliyyəti;
  • xüsusi əməliyyat – müəyyən edilmiş ərazidə və müddətdə tapşırıq və plan üzrə vahid rəhbərlik altında keçirilən tədbirlər kompleksi;
  • xüsusi əməliyyatların keçirilməsini təmin edən vasitələr – qrup halında basqı, müqavimət, tabe olmama hallarının qarşısının alınması, keçilməz sədlərin dağıdılması, kütlə, avtonəqliyyat vasitələrinin məcburi dayandırılması və ya onların hərəkətinin məhdudlaşdırılmasında təsir gücü kimi istifadə olunan xüsusi texnika;
  • xüsusi silah – xüsusi təyinatlı gözyaşardıcı qaz, tüstü və rezin gülləli, rezin qırmalı patronların və qumbaraların tətbiqi üçün istifadə olunan atıcı qurğu və vasitələr;
  • xüsusi texnika – daxili qoşunların xidməti vəzifələrinin icrası zamanı taktiki üsullara uyğun istifadə olunan texniki vasitələr, sistemlər, qurğular, zirehli, xüsusi təyinatlı maşınlar və avadanlıqlar;
  • xüsusi vasitələr – fərdi qoruyucu mühafizə, fəal mühafizə və xüsusi əməliyyatların keçirilməsini təmin edən vasitələr;
  • obyektlərin mühafizəsi – obyektlərin təhlükəsizliyinin təşkili, orada olan şəxslərin həyat və sağlamlığının qorunmasına yönəlmiş tədbirlər.

Bu qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edəcək.

Daxili qoşunlar haqqında qanunvericilik Konstitusiya, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun, bu qanun və daxili qoşunların fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktlardan ibarət olacaq.

Fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin olunması, habelə sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi ilə bağlı daxili qoşunların fəaliyyəti “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Hərbi vəziyyət haqqında” qanunlarla tənzimlənəcək.

Daxili qoşunların hərbi qulluqçularının və mülki işçilərinin intizam məsuliyyəti müvafiq olaraq Silahlı Qüvvələrin hərbi nizamnamələri və Əmək Məcəlləsi ilə tənzimlənəcək.

Daxili qoşunların hərbi qulluqçularının və mülki işçilərinin inzibati və cinayət məsuliyyəti müvafiq olaraq İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə tənzimlənəcək.

Daxili qoşunların hərbi qulluqçularının dövlətə vurduqları ziyana görə maddi məsuliyyətinin əsasları, vurulan ziyanın miqdarının müəyyən edilməsi və ödənilməsi qaydaları “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Qanunla tənzimlənəcək.

Daxili qoşunların hərbi qulluqçularının və mülki işçilərinin xidməti vəzifələrinin icrası zamanı son zərurət və zəruri müdafiə vəziyyətində vurduqları ziyana (zərərə) və mülki hüquq pozuntularına görə mülki məsuliyyəti Mülki Məcəllə ilə tənzimlənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti