Bakı. Trend:
AQEM mexanizmi beynəlxalq konsensusun bərpası prosesində daha aktiv rol oynamalıdır.
Trend xəbər verir ki, bu barədə Şanxay Beynəlxalq Tədqiqatlar İnstitutunun prezidenti Çen Dunsyao “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adı altında keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında çıxışı zamanı danışıb.
“AQEM mexanizmi dialoq platformalarının qlobal şəbəkəsinin ayrılmaz hissəsidir və beynəlxalq konsensusun bərpası prosesində daha aktiv rol oynamalıdır”, - deyə Çen Dunsyao bildirib.
Onun sözlərinə görə, bütün Asiya qitəsini əhatə edən AQEM unikal və regional səciyyəli biliklərin geniş kütləsini vəhdət halına gətirir. Belə ki, AQEM inkişaf və təhlükəsizlik sahəsində çoxsaylı uğurlu nümunələrdən tutmuş regional münaqişə və böhranların nizamlanmasındakı zəngin təcrübəyə kimi, çox şeylər təklif edə bilər.
“Bu biliklər təkcə AQEM regionu daxilində təhlükəsizlik və inkişaf sahəsində əməkdaşlığın təşviqi üçün vacib deyil, onlar həm də dünya ictimaiyyətinin inkişaf, təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə bağlı təsəvvürünün zənginləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir”, - deyə o bildirib.