Bakı. Trend:
Azərbaycanın yeni tarixi yaradılır. Hər birimiz Azərbaycan tarixinin yaranmaqda olan parlaq səhifələrinə şahidik. Bu, Ümummmili lider Heydər Əliyev tərəfindən və Prezident İlham Əliyev tərəfindən yaradılıb.
Trend xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.
Sədr müavini vurğulayıb ki, ayrı-ayrı xalqlar və dövlətlər yalnız özünün tarixini yaratmaq haqqında düşünürkən Azərbaycan və Prezident İlham Əliyev regionun yeni tarixini, yeni mənzərəsini yaratmaq kimi missiyanı öz üzərinə götürüb.
“Bununla əlaqədar çox şərəfli səhifələr mövcuddur. Vaşinqtonda keçirilən görüşlər, əldə olunan nailiyyətlər və bütövlükdə qələbə adlandırılacaq diplomatik nailiyyət bizim bölgəmizin, daha geniş coğrafiyanın tarixinin yaradılmasının göstəricisidir.
Azərbaycan iqtisadiyyatı 2005-2025-ci illərdə ən sürətli inkişaf edən iqtisadiyyatdır. Hərbi gücə gəldikdə isə 2020-ci ildə keçirilən müharibədə qazanılan şərəfli qələbə, ərazi bütövlüyünün bərpası Azərbaycanın hərbi gücünü bütün dünyaya göstərdi.
Bu müddət ərzində diplomatiya sahəsində yüksək nailiyyətlər əldə edib. Azərbaycan diplomatiyasının ən parlaq zirvəsi Vaşinqton görüşləri və burada əldə olunan nailiyyətdir. Vaşinqtonda əldə edilən böyük diplomatik qələbənin yeganə müəllifi Prezident İlham Əliyevdir.
Zəngəzur dəhlizi yeni tarixin çox vacib layihəsi olacaq. Bakı-Tbilisi-Ceyhan kəməri Ümummilli Lider Heydər Əliyevin adını daşıdığı kimi Zəngəzur dəhlizi də Prezident İlham Əliyevin adını daşımalıdır”, - deyə Ə.Əhmədov qeyd edib.