Bakı. Trend:
Daxili qoşunların hərbi qulluqçuları tərəfindən odlu silahın tətbiqi şərtləri müəyyənləşdiriləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, odlu silahın xəbərdarlıq edilmədən tətbiq edildiyi hallar və birdən-birə gözlənilməz hücum halı istisna olmaqla, odlu silah tətbiq edilməzdən əvvəl səslə və ya havaya atəş açmaqla silah işlədiləcək şəxsə xəbərdarlıq edilməlidir.
Daxili qoşunların hərbi qulluqçularının xəbərdarlıq etdikdən sonra aşağıdakı hallarda odlu silah tətbiq etmək hüququ olacaq:
- insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq hallarında;
- xidməti vəzifələrinin icrası zamanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçularının və əməkdaşlarının həyatına və sağlamlığına təhlükə törədən qəsdlər baş verdikdə və ya onların silahlarının, döyüş texnikasının və xüsusi texnikanın ələ keçirilməsi cəhdlərinin qarşısı alındıqda;
- girovlar, zəbt edilmiş binalar və digər tikililər, qurğular, ərazilər və nəqliyyat vasitələri azad edildikdə;
- insanların həyatına, sağlamlığına və mülkiyyətinə qarşı cinayət törətmiş və gizlənməyə çalışan, habelə silahlı müqavimət göstərən şəxslər saxlanıldıqda;
- fövqəladə və ya hərbi vəziyyət rejimi şəraitində yaşayış məntəqəsinə giriş-çıxış postlarında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının və ya hərbi qulluqçusunun nəqliyyat vasitəsini dayandırmaq tələbinə tabe olmayan nəqliyyat vasitəsi saxlanıldıqda;
- qrup halında və ya silahlı basqın, o cümlədən nəqliyyat vasitələrindən istifadə etməklə törədilən basqın dəf edildikdə;
- qanunsuz silahlı birləşmələrdə, terror təşkilatlarında və terror qruplarında, habelə silahlı müqavimət göstərən şəxsdə olan silahı, döyüş texnikasını və xüsusi texnikanı təhvil vermək tələbi yerinə yetirilmədikdə;
- terrorçuluq və ya dini ekstremizm, yaxud dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda.
Odlu silah aşağıdakı hallarda xəbərdarlıq edilmədən tətbiq olunacaq:
- mühafizə olunan obyektə, qarovula (qoşun naryadına) silahdan, döyüş texnikasından, xüsusi texnikadan və nəqliyyat vasitələrindən istifadə etməklə törədilən basqın dəf edildikdə;
- silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilərkən, eləcə də cinayət törətmiş şəxs silahı ələ keçirməklə və ya ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxs nəqliyyat vasitələrindən istifadə etməklə mühafizə altından qaçdıqda;
- azadlıqdan məhrum edilmiş şəxslər tərəfindən törədilən basqın dəf edildikdə;
- öz vəzifə borclarını icra edən daxili qoşunların və daxili işlər orqanlarının şəxsi heyətinin, məhkəmə və prokurorluq işçilərinin həyatına bilavasitə təhlükə törədən qərəzli hərəkətlər edildikdə;
- insan həyatına və sağlamlığına real təhlükə yaradan heyvan hücumunun qarşısı alındıqda;
- təhlükə və ya həyəcan siqnalı verildikdə, habelə yardım çağırıldıqda (təhlükəsiz yolla havaya atəş açmaqla).
Yuxarıda nəzərdə tutulmuş halların yarana biləcəyi barədə kifayət qədər əsaslar olduqda daxili qoşunların hərbi qulluqçusunun odlu silahı hazır vəziyyətə gətirmək hüququ olacaq.
Odlu silah tətbiq etmək aşağıdakı şəxslərə münasibətdə və aşağıdakı hallarda qadağan ediləcək:
- qadınlara;
- yanında azyaşlı uşaq olan şəxslərə;
- əlilliyi və digər fiziki və psixi pozuntuları aşkar bilinən şəxslərə;
- yetkinlik yaşına çatmadığı aşkar görünən və ya məlum olan şəxslərə;
- kənar şəxslərin zərər çəkə biləcəyi hallarda;
- alışmaq, partlamaq təhlükəsi olan zəhərləyici və radioaktiv maddələrin hazırlandığı yerlər, saxlandığı anbarlar (saxlanc yerləri) və belə maddələri daşıyan nəqliyyat vasitələri istiqamətində.
Yuxarıda nəzərdə tutulan qadağa silahlı müqavimət göstərildiyi, insanların həyatına və sağlamlığına təhlükə yarandığı hallarda və ya silahlı, o cümlədən nəqliyyat vasitələrindən istifadə etməklə törədilən basqın hallarında qadınlar, yanında azyaşlı uşaq olan şəxslər, əlilliyi və digər fiziki və psixi pozuntuları aşkar bilinən şəxslər və yetkinlik yaşına çatmadığı aşkar görünən və ya məlum olan şəxslərə şamil edilməyəcək.