Bakı. Trend:
Azərbaycanın bütün regionda iqtisadi əməkdaşlığın inkişafında daha mühüm və konstruktiv rol oynamaq perspektivləri var.
Trend xəbər verir ki, bunu Şanxay Beynəlxalq Tədqiqatlar İnstitutunun prezidenti Çen Dunsyao “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adı altında keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası çərçivəsində jurnalistlərə verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, Azərbaycan regional əlaqəliliyə, o cümlədən, Orta Dəhlizə, eləcə də, öz proqramlarının Pekinin təşəbbüsü olan “Bir kəmər, Bir Yol” layihəsi ilə inteqrasiyasına böyük önəm verir.
Çen Dunsyao qeyd edib ki, Azərbaycan hökuməti bazar amillərinin, kapitalın, xidmətlərin, həmçinin, investisiyaların axınının və ya daha sərbəst hərəkətinin ölkə iqtisadiyyatının daha da inkişafına töhfə verəcəyini tam şəkildə anlayır.
O, həmçinin, Pekinin Azərbaycanla daha sıx iqtisadi və siyasi əlaqələrin gücləndirilməsinə sadiqliyini vurğulayıb.