Bakı. Trend:
Regional və qlobal ticarət üçün yüksək strateji əhəmiyyətə malik olan Mərkəzi Asiya kimi regionlara xüsusi status verilməlidir.
Trend xəbər verir ki, bunu Avrasiya Elmi-Tədqiqat İnstitutunun baş tədqiqatçısı Dauren Aben “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adı altında keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında çıxışı zamanı söyləyib.
“O tranzit və nəqliyyat qovşaqlarının fasiləsiz fəaliyyəti bütün tərəflərin maraqlarına cavab verir. Bu baxımdan, belə regionların statusu və fəaliyyət rejimi barədə beynəlxalq sazişin bağlanması, habelə onlara hüquqi cəhətdən icbari təhlükəsizlik təminatlarının verilməsi məqsədəuyğundur”, - deyə o qeyd edib.
Aben əlavə edib ki, belə bir saziş quru transkontinental marşrutların bloklanmasının qarşısını almağa və rəqabət deyil, əməkdaşlıq mühitinin formalaşmasına imkan vermiş olardı.
“Yaşıl" transformasiyaya gəldikdə isə, bu, artıq seçim məsələsi deyil, zərurətdir və təchizat zəncirlərini köklü şəkildə dəyişir. Ən böyük bazarların karbonsuzlaşdırılması məqsədləri asiyalı ixracatçıları istehsal və logistikaya yenidən nəzər salmağa məcbur edir.
Bərpa olunan enerji mənbələrindən istifadənin genişlənməsi, karbon emissiyalarının azalması və ekoloji idarəetmənin güclənməsi fonunda biz tədarük zəncirlərinin bütün mərhələlərində dayanıqlılıq prinsiplərini tətbiq etməliyik”, - deyə o vurğulayıb.