...

Daxili qoşunların fiziki qüvvə, xüsusi vasitələr, odlu silah və döyüş texnikasından istifadə şərtləri müəyyənləşdirilir

Cəmiyyət Materials 9 Sentyabr 2025 15:03 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Daxili qoşunların hərbi qulluqçuları tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi şərtləri müəyyənləşdiriləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, daxili qoşunların hərbi qulluqçuları fiziki qüvvəni, xüsusi vasitələri, odlu silahı, döyüş texnikasını və xüsusi texnikanı tətbiq etməzdən əvvəl hüquq pozuntusunun aradan qaldırılması tələbinin yerinə yetirilməsi üçün vaxt verməklə bu barədə xəbərdarlıq edəcəklər (odlu silahın xəbərdarlıq edilmədən tətbiq olunduğu, habelə insanların həyatı və sağlamlığı üçün bilavasitə təhlükə yaratdığı və ya bu cür xəbərdarlığın gec və qeyri-mümkün olduğu hallar istisna olmaqla).

Daxili qoşunların hərbi qulluqçuları fiziki qüvvəni, xüsusi vasitələri, odlu silahı, döyüş texnikasını və xüsusi texnikanı tətbiq etdikdə tibbi zərurət olduqda bilavasitə rəisini məlumatlandırmaqla zərərçəkənlərə ilk tibbi yardım göstərəcəklər.

Daxili qoşunların hərbi hissə komandirləri və ya rəisləri fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi nəticəsində alınmış xəsarət (yaralanma, travma və kontuziya) və ya ölüm halı barədə dərhal müvafiq prokurora məlumat verəcəklər.

Fiziki qüvvə, xüsusi vasitələr, odlu silah, döyüş texnikası və xüsusi texnika yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə hüquq pozuntusunun ağırlıq dərəcəsindən asılı olaraq tətbiq ediləcək. Bu zaman daxili qoşunların hərbi qulluqçuları tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır.

Daxili qoşunların hərbi qulluqçuları tərəfindən öz səlahiyyətlərini aşaraq fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi qadağandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti