Bakı. Trend:
Asiya qlobal proseslərin formalaşmasında mərkəzi rol oynamağa başlayır.
Trend xəbər verir ki, bu barədə Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbay AQEM Analitik Mərkəzlər Forumunun on üçüncü iclasında deyib. İclas “İnkişaf və təhlükəsizlik rezonansı: regional əməkdaşlıq və idarəetmə AQEM-in institusional transformasiyası kontekstində” mövzusuna həsr olunub.
“Asiya qlobal proseslərin formalaşmasında açar rol oynamağa başladığı bir vaxtda bu iclasın məhz Bakıda keçirilməsi xüsusi önəm kəsb edir. Regionumuzun elm, iqtisadiyyat, texnologiya, idarəçilik və diplomatiya sahələrində artan təsiri yalnız yeni imkanlar gətirmir, eyni zamanda, ölçülüb-biçilmiş və birgə qərarlar tələb edən ciddi öhdəliklər də yaradır”, - deyə o bildirib.
Baş katibin sözlərinə görə, bu gün qlobal geosiyasi mənzərədə genişmiqyaslı dəyişikliklər baş verir. Bu proseslər beynəlxalq münasibətlər arxitekturasının yenidən qurulması və dövlətlərin artan qarşılıqlı asılılığından irəli gələn yeni çağırışlarla bağlıdır. Bu mürəkkəb şəraitdə AQEM-in xüsusi dəyəri onun dialoq üçün mühüm platforma rolunda çıxış etməsindədir.