Bakı. Trend:
Ukrayna və ABŞ-nin “Swift Beat” şirkəti pilotsuz uçuş aparatlarının (PUA) istehsalının genişləndirilməsinə dair Memorandum imzalayıb.
Trend xəbər verir ki, sənəd Ukraynanın müdafiə naziri Rustem Umerov və “Swift Beat” şirkətinin baş direktoru Erik Şmidt tərəfindən, Prezident Volodimir Zelenskinin iştirakı ilə Danimarkada imzalanıb.
Memorandum çərçivəsində Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiya raketləri və dronlarını məhv etmək üçün nəzərdə tutulmuş pilotsuz vasitələrlə təchiz olunacaq. Əməkdaşlıq nəticəsində bu il ərzində yüz minlərlə dronun Ukraynaya tədarükü planlaşdırılır, 2026-cı ildə isə bu göstəricinin daha da artırılması gözlənilir.
“Swift Beat” şirkəti Ukrayna ordusu üçün müxtəlif tip PUA-lar istehsal edəcək. Bunlara zərbə və kəşfiyyat dronları, kvadrokopterlər, müşahidə və atəşin koordinasiyası üçün vasitələr, eləcə də düşmən hədəflərinə qarşı istifadə ediləcək ortasəviyyəli zərbə dronları daxildir.
Bundan əlavə, qanadlı və ballistik raketlərin tutulması üçün xüsusi dronlar, avtomatik müdafiə qüllələri və kəşfiyyat platformaları kimi innovativ texnologiyaların hazırlanması da planlaşdırılır.
Ukraynanın müdafiə naziri Rustem Umerov qeyd edib ki, bu gün dronların kütləvi tətbiqi müharibənin əsas xüsusiyyətlərindən birinə çevrilib: "İnsanları, şəhərləri və kritik infrastrukturu qorumaq üçün dron arsenalını gücləndiririk. Hərbi bölmələrimizin hər biri müasir kəşfiyyat və zərbə vasitələri ilə təchiz olunacaq."