Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio Suriyaya qarşı tətbiq olunan sanksiyaların müəyyən hissəsinin yumşaldılmasının mümkün olduğunu bildirib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin saytında Rubionun Suriya xarici işlər naziri Asaad aş-Şeybani ilə görüşünün nəticələrinə dair yayımlanan bəyanatda deyilir.
Görüş zamanı tərəflər ABŞ-nin Suriyaya qarşı tətbiq etdiyi
sanksiyaların əhəmiyyətli hissəsinin ləğvi məsələsini müzakirə
ediblər. Bəyanatda qeyd olunub:
"Dövlət katibi təsdiqləyib ki, Suriya ilə əlaqəli terrorçuların
siyahısına daxil edilən bəzi şəxslərlə bağlı həm ABŞ, həm də BMT
səviyyəsində qəbul olunmuş qərarların yenidən nəzərdən keçirilməsi
üçün növbəti addımlar atılacaq."
Bununla belə, Rubio bildirib ki, ABŞ hazırkı mövqeyində dəyişiklik etmədən, Suriyanın sabiq prezidenti Bəşər Əsəd və onun ətrafında olan şəxslərin sanksiyalardan azad edilməsini planlaşdırmır.