Bakı. Trend:
Fransa İranın nüvə proqramı üzrə danışıqlarda iştirakdan imtina etməsi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığı dayandırması halında, ona qarşı beynəlxalq sanksiyaların bərpa olunacağı ilə hədələyib.
Trend xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.
Nazirin sözlərinə görə, Fransa, Almaniya və Böyük Britaniyadan ibarət “Avropa üçlüyü” 2015-ci ildə nüvə sazişindən sonra ləğv olunmuş sərt məhdudiyyətləri yenidən tətbiq etmək üçün təsir mexanizmlərinə malikdir. Barro vurğulayıb ki, əgər İran öz nüvə fəaliyyətinin “sərt və uzunmüddətli çərçivəsini” müzakirə etməyə razı olmasa, sanksiyaların bərpası mexanizmi artıq bu yay işə salına bilər.
Barro təsdiqləyib ki, Fransa İranda saxlanılan iki vətəndaşı — Sesil Koler və Jak Pariyə konsulluq çıxışı əldə edib. Onun sözlərinə görə, onlar fiziki xəsarət almayıblar, lakin “ağır və acınacaqlı vəziyyətdədirlər”. Paris onların dərhal azad olunmasını tələb edir.
“İrana qarşı sanksiya tətbiq edib-etməməyimiz rejim tərəfindən həbs olunan iki vətəndaşımızın taleyinə bağlıdır”, - deyə o bildirib.