Bakı. Trend:
Gözümüzün önündə, bəlkə də gələcək yüzillərin yol xəritəsinin cizgilərini müəyyənləşdirən, təməlini atan, yolunu çəkən, körpülərini salan tarix yazılır... Sürətlə cərəyan edən hadisələrin içərisində yer almışıq deyə, bir çox hallarda baş verənlərə kənardan nəzər sala, yazılan tarixin hər sözünün, hər cümləsinin böyüklüyünü görə bilmirik. Bu tarix əcdadlarımızın “göylərin sahibi” adlandırdıqları Xan Tanrı dağı qədər uca və müqəddəsdir. Prezident İlham Əliyevin türk dünyasının birliyinə münasibətdə vurğuladığı kimi, bu tarix əcdadlarımızın vəsiyyətidir!
Əcdadlarımızın vəsiyyəti isə təkcə dövlətlərimizin başçıları üçün deyil, bütövlükdə hər birimiz üçün istinad mənbəyi, söykəncək olmalıdır. Atalarımız, əcdadlarımız isə bizə bir olmağı, iri olmağı, diri olmağı vəsiyyət ediblər.
Atalarımızın bütün Türk Dünyasında, o cümlədən Azərbaycanda da dillər əzbəri olan Bilgə Xaqan kitabəsində yer alan vəsiyyətində, həm də bugünümüzə bir çağırış var:
“Ey türk oğuz bəyləri, türk xalqı, eşidin! Üstdən göy çökmədikcə, altdan yer dəlinmədikcə türk ulusunu, türk yurdunu, türk dövlətini, türk törəsini kim dağıda bilər?! Su kimi axıtdığın qanına, dağlar kimi yığdığın sümüyünə (şəhidlərinə) layiq ol! Ey ölümsüz türk milləti, titrə və özünə dön!”
Bəli, bir olduqca, ulusumuz da, yurdumuz da, törəmiz də var olacaq. Birliyimizin kökləri isə tariximizdə, əcdadlarımızın vəsiyyətindədir. Tarix boyu məğlubiyyətlərimizin səbəbi öz tarixi köklərimizdən uzaq düşməyimizdə, zəfərlərimizin sirri isə özümüzə qayıtmağımızda olub. Təxminən 1300 il öncə Bilgə Xaqanın ayrı-ayrı xaqların təsiri altına düşərək parçalanan, bölünən türk ulusuna etdiyi vəsiyyət bizə tarixin dərslərindən nəticə çıxarmağı tövsiyə edir. Azərbaycan Türk Dünyasının birliyi üçün indi sadəcə ideoloji mərkəz olaraq tarixi missiyasını yerinə yetirmir, həm də bu birliyin bütün istiqamətlərdə möhkəm təməllər üzərində inkişafı naminə əsl fədakarlıq nümunəsi göstərir.
Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə keçirdiyi görüş və mətbuata verdiyi bəyanatlar təkcə diplomatik münasibətlərin növbəti mərhələsini deyil, həm də Türk Dünyasının gələcəyinə dair ortaq baxış bucağını nümayiş etdirir. Ötən il Daşkənddə imzalanan Müttəfiqlik münasibətləri haqqında Müqavilənin strateji nəticələri də artıq real formatda özünü göstərir. Bu gün Azərbaycanla Özbəkistan arasında münasibətlər sadəcə “dostluq” deyil, ideoloji baxımdan ortaq ruhun, praktiki baxımdan isə ortaq gələcəyin inşasıdır.
Azərbaycan və Özbəkistan rəhbərlərinin bu görüşdə toxunduqları mövzular arasında diqqəti cəlb edən başlıca məsələ qarşılıqlı investisiyaların sürətlə artması və bu prosesin strateji yanaşma ilə idarə olunmasıdır. 500 milyon dollarlıq nizamnamə kapitalına malik İnvestisiya Fondunun artıq onlarla layihə üzrə real qərar mərhələsinə çatması bu münasibətlərin möhkəm iqtisadi dayaqlara söykəndiyini göstərir. Amma daha önəmlisi bu sərmayələrin istiqamətidir. Onlar məhz kənd təsərrüfatı, tikinti, energetika, mehmanxana biznesi kimi uzunmüddətli inkişafı hədəfləyən sahələrə yönəlib. Bu, müvəqqəti siyasi qazancların yox, strateji güvənin göstəricisidir.
Özbəkistanın Qarabağın bərpasına göstərdiyi yardım isə təkcə dostluq jesti deyil, bu qardaşlığın simvoludur. Mirzə Uluqbəy adına məktəbin Füzulidə tikilməsi, Xankəndidə tikiş fabrikinin açılması humanitar və iqtisadi mahiyyət daşımaqla yanaşı, həm də mənəvi bir anlam ifadə edir: Azərbaycan tək deyil! Bu mesaj, yalnız Azərbaycana deyil, bütün Türk Dünyasına ünvanlanıb.
Prezident İlham Əliyevin xüsusi vurğuladığı daha bir önəmli sahə isə nəqliyyat-logistika infrastrukturudur. Orta Dəhlizin bütün şaxələrinin istismar gücünün artırılması, Azərbaycan ərazisinin Cənubi Qafqazdan Avropaya açılan əsas tranzit mərkəzinə çevrilməsi ideyası artıq reallıq mərhələsinə qədəm qoyur. Bu prosesdə Azərbaycan və Özbəkistanın nəqliyyat siyasətlərini uyğunlaşdırması isə geoiqtisadi xəritədə Türk Dövlətləri Təşkilatının real gücə çevrilməsi deməkdir.
Mədəni əlaqələr, turizm və şəhərsalma sahəsində də əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Bakıda salınacaq “Özbəkistan” parkını, yalnız bir istirahət zonası saymaq doğru olmaz. Bu park bir mədəniyyət körpüsüdür, ortaq yaddaşın yaşadılacağı simvolik məkan olacaq. Bu parkda əcdadlarımızın ruhu dolaşacaq, gələcək nəsillər burada birliyi, qardaşlığı, eyni kökdən boy verdiklərini hiss edəcəklər.
Azərbaycanda Özbəkistanı çox sevirlər. Hətta regional və qlobal proseslərə tamamilə əks baxış bucağından yanaşan, ölkənin, bölgənin və dünyanın gələcəyini fərqli görən insanlar da, Özbəkistana və qardaş özbək xalqına az qala eyni sevgi, eyni hörmətlə yanaşırlar. Şübhə etmirəm ki, bu, Özbəkistanda da belədir. Bütün bunlar, dostluq, qardaşlıq bağlarımızın, ortaq dəyərlərimizin, mədəniyyətimizin, tariximizin köklərinin nə qədər dərində olduğunun sübutudur. Biz azərbaycanlılar pisliyi bağışlaya bilirik, amma yaxşılığı, gerçək dostluğu, qardaşlığı, səmimi, təmənnasız sevgidən doğan dəstəyi heç vaxt unutmuruq. Azərbaycan torpaqlarının işğal altında olduğu və işğaldan azad edildiyi dönəmdə özbək xalqının mərd, ləyaqətli, ağayana duruşu, kədərimizə də, sevincimizə də eyni dərəcədə şərik olması heç vaxt unudulmayacaq.
Milli Məclisin deputatı
Elçin Mirzəbəyli