Bakı. Trend:
2025-ci ilin ilk altı ayı ərzində ümumilikdə 172 tibb müəssisəsində yoxlama aparılıb. Bunlardan 111-i planlı, 61-i isə plandankənar olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yoxlamalar nəticəsində, planlı yoxlamalar zamanı 49 müəssisədə, plandankənar yoxlamalar zamanı isə 20 müəssisədə nöqsanlar aşkarlanıb:
"Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin
müvafiq maddələri üzrə protokollar tərtib olunaraq müvafiq
instansiyalara təqdim edilib.
Aşkarlanmış əsas nöqsanlar aşağıdakılardır:
1. Lisenziyasız tibbi fəaliyyət göstərilməsi;
2. Sertifikatsız olaraq özəl tibbi xidmət göstərilməsi;
3. Dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin
istifadəsi;
4. Lisenziyasız özəl tibb fəaliyyəti ilə məşğul olunması;
5. İxtisası və sertifikatı olmayan şəxslərin tibbi fəaliyyətdə
iştirakı;
6. Tibb müəssisələrində çalışan mütəxəssislərin ixtisaslarına uyğun
vəzifələrə təyin olunmaması;
7. Tibb mütəxəssislərinin əmək münasibətlərinin rəsmi müqavilə ilə
tənzimlənməməsi;
8. Tibbi sənədləşmənin və qeydiyyatların aparılmaması".
"Əgər özəl tibb müəssisələrində qeyri-qanuni fəaliyyət və ya
şübhəli hallarla qarşılaşırsınızsa, bu barədə Analitik Ekspertiza
Mərkəzinə aşağıdakı vasitələrlə məlumat verə bilərsiniz:
“Bir pəncərə” sektoru, Qaynar xətt: (012) 596 05 20, E-mail:
[email protected], Rəsmi veb-sayt: www.pharma.az (“Müraciət”
bölməsi)",- deyə məlumatda qeyd edilib.